AZ

Kreml Zəngəzur dəhlizindən pay istəyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında 8 avqustda əldə olunan Vaşinqton razılaşması barədə danışıb. Onun sözlərinə görə, mətndə bəzi məsələlər razılaşdırılmayıb: 

“Azərbaycan və Ermənistan arasında ABŞ-də sülh sazişinin bağlanması ilə bağlı coşğulu nidalar sənədin dərcindən sonra skeptik qiymətləndirmələrlə əvəz olundu. Mətnində çox şey razılaşdırılmadı”.

Lavrov qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması haqqında sazişlər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə əldə edilmiş razılaşmadan irəli gəlib:

“Onlar bunu ABŞ ərazisində bağlamaq qərarına gəliblər. Bu, qonşularımızın suveren hüququdur. Ancaq bu müqavilənin necə işləyəcəyini görməliyik”. 

Göründüyü kimi, Rusiya tərəfi hələ də Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən kənarda qaldığını həzm edə bilmir. Rəsmi Moskva israrla prosesin onun sayəsində başladığını və Rusiyanın iştirakı olmadan nəticə əldə olunacağına inanmadığını söyləyir. Lakin reallıq tam fərqlidir. Bakı ilə İrəvan prosesi uzadan Moskvanı danışıqlardan kənarlaşdıraraq sülh müqaviləsi yolunda konkret addımlar atmağa başlayıblar. 

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesini pozmağa çalışır: 

“Sergey Lavrovun açıqlaması da bunu göstərir. Yəni Rusiya ya prosesdə olmaq, ya da danışıqları pozmaq istəyir. Lavrovun 8 avqust razılaşmasında hər şeyin razılaşdırılmadığını deməsi də diqqət çəkir. Əslində, Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci ildə imzalanan Bəyanatın tam detallı olmadığı deyilirdi. 

Həqiqətən də orada sülhlə bağlı hər detal tam əksini tapmayıb. Lakin Lavrov onu görməyərək, 8 avqust Bəyanatı ilə bağlı danışır. Lavrov Vaşinqton anlaşmasının Rusiyanın vasitəçiliyi imzalanan müqavilələrdən fərqlənmədiyini iddia edir. Halbuki, biz maddələri incələdikdə 8 avqust razılaşmasının 10 noyabr Bəyanatından xeyli fərqləndiyini görürük”. 

Politoloqun sözlərinə görə, Lavrov bu sözləri ilə Nikol Paşinyana cavab verib: 

“Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət öncə 10 noyabr Bəyanatının qüvvədən düşdüyünü açıqladı. Əslində, Lavrov bir növ Paşinyanın açıqlamasına cavab verir. Lakin Ermənistanın da üzərinə çox gedə bilmirlər. 

Belə olduğu təqdirdə, adıçəkilən ölkənin özlərindən daha çox uzaqlaşağını bilərlər. Ona görə də sadəcə belə bəyanatlar verirlər. ABŞ isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlindən gələni edir. Ancaq Rusiya bundan narazı olduğu üçün prosesə əngəl olmağa çalışır”. 

Samir Hümbətov diqqətə çatdırıb ki, Rusiya bu bölgədə sülhün olmasını istəmir: 

“Bu, onlar üçün maraqlı deyil. Rusiyanın köhnə imperiya təfəkkürü xalqları, dövlətləri bir-birinə qarşı qoyaraq, yaranmış gəgrinlikdən özü üçün istifadə etmək və hər iki tərəfi yönəltməyə çalışmaqdan ibarətdir. Kreml hazırda da bu siyasəti davam etdirir. Rusiya öz regionundakı münaqişəni saxlamaqla prosesi uzatmaq istəyir. Bunu hamı gözəl başa düşür. ABŞ isə fərqli bir alternativ təklif edir. 

Nəzərə almaq lazımdır ki, Çinin “Bir kəmər, bir yol” layihəsi bu bölgədən keçəcək. Rəsmi Vaşinqton Zəngəzur dəhlizinə nəzarət etməklə həm də Çinin xarici siyasət ticarətinə nəzarət etmək istəyir. Ona görə də bu məsələyə dar çərçivədə deyil, geniş miqyasda baxmalıyıq.

Rusiya isə getdikcə qlobal dövlətdən regional dövlətə çevrilmək istiqamətində sürətlə irəliləyir. Yəni nüfuzu kiçilir. Kreml də bunu başa düşür və bu səbəbdən “son qalası” olaraq gördüyü Cənubi Qafqazın əlindən çıxmaması üçün çalışır”. 

Ekspertin fikrincə, Bakı ilə İrəvan arasında Moskvanın iştirakı olmadan sülh müqaviləsinin imzalanma ehtimalı yüksəkdir: 

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasında yalnız ABŞ-nin iştirak etməsi məsələni aydınlaşdırır. Hər halda, sülh müqaviləsi mətninin böyük hissəsi Vaşinqtonda razılaşdırılıb. Bu prosesdə də yalnız ABŞ-nin iştirak etməsi Rusiyanın “oyundankənar vəziyyət”də qaldığını göstərir.

Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsində Rusiyanın iştirak etməmə ehtimalı getdikdə artır”. 

Seçilən
17
cebheinfo.az

1Mənbələr