AZ

“Süni intellekt üçün nazirlik” lazımdırmı? — Dünyanın yeni idarəçilik xəritəsi: nazir, ofis, institut, hətta virtual nazir...

“Süni intellekt (Sİ) artıq yalnız texnologiya şirkətlərinin laboratoriyalarında deyil, dövlətlərin siyasi və inzibati gündəminin mərkəzindədir. Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, məsələn, Stanford Universitetinin “2025 AI Index Report”una görə, 2023-dən bəri 75 ölkədə süni intellektlə bağlı qanunvericilikdə (regulyasiya və siyasətlərdə) istinadların sayı 21.3% artıb. ABŞ-da isə 2024-cü ildə federal agentliklər 2023-cü ilə nisbətən iki dəfə çox — 59 süni intellektlə bağlı nizamlayıcı və icraedici sənəd həyata keçirib”
Bu sözləri Moderator.az-a açıqlamasında hüquqşünas Yunis Xəlilov deyib.
 
Hüquqşünasın sözlərinə görə, bir vaxtlar yalnız elmi-fantastik filmlərdə gördüyümüz süni intellekt indi iqtisadiyyatı, hüququ, təhlükəsizlik sistemlərini və hətta dövlət idarəçiliyini dəyişdirir. Bu dəyişimin ən maraqlı nümunələrindən biri isə dövlətlərin “Süni İntellekt Nazirlikləri” və ya xüsusi qurumlar yaratmasıdır.
 
BƏƏ-dən başlayan yol: Dünyada ilk Sİ naziri
 
Y.Xəlilov qeyd edib ki, Sİ üzrə nazir postu yaratmaq ideyası ilk dəfə 2017-ci ildə Birləşmiş Ərəb Əmirliklərində həyata keçirildi:
 
 “Omar Sultan Al Olama bu vəzifəyə təyin olunaraq dünyada bir ilkə imza atdı. Hazırda onun titulu “Süni İntellekt, Rəqəmsal İqtisadiyyat və Uzaqdan İş üzrə Dövlət Naziri”dir.
BƏƏ bu addımı atmaqla yalnız texnoloji modernləşməyi deyil, həm də özünü gələcəyin dövlət modeli kimi təqdim etməyi hədəflədi. Bu nazirlik ölkədə Sİ layihələrinin koordinasiyası, etik çərçivələrin hazırlanması və beynəlxalq əməkdaşlığın qurulmasında mühüm rol oynayır”.
 
Avropa modeli: Qanun və nəzarət mərkəzləri
 
Hüquqşünas əlavə  edib ki, Avropa İttifaqı 2024-cü ildə Avropa Süni İntellekt Ofisini (European AI Office) adı çəkilən beynəlxalq təşkilatda qəbul edilmiş Süni İntellekt Aktının icrasını təmin etmək, uyğunluq və təhlükəsizlik standartlarının icrasını koordinasiya etmək üçün yaradılmışdır:
 
“İspaniya isə bu sahədə öncül addım ataraq 2023-cü ildən fəaliyyət göstərən AESIA adlı milli nəzarət agentliyini qurdu. Bu model süni intellekti yalnız inkişaf etdirmək deyil, həm də onun cəmiyyətə və hüquqa təsirlərini tənzimləmək məqsədinə xidmət edir.
Sinqapur, Malayziya və bəzi digər Asiya ölkələri də oxşar mərkəzlər yaratmışdır. Sinqapurun National AI Office qurumu regional lider rolunda çıxış edir və beynəlxalq test standartlarının formalaşmasına rəhbərlik edir”.
 
Böyük Britaniya və ABŞ: Təhlükəsizlik institutları
 
Müsahibimiz vurğulayıb ki, Sİ-in potensial riskləri dövlətlərin diqqət mərkəzindədir. Böyük Britaniya 2023-cü ildə AI Safety Institute (AISI) quraraq qabaqcıl modellərin sınaqdan keçirilməsi və təhlükəsizlik standartlarının hazırlanmasına başladı:
 
“Ardınca ABŞ və Yaponiya da oxşar institutlar yaratdı. Bu institutların əsas məqsədi süni intellekt şirkətlərinin öz alqoritmlərini yalnız özlərinin qiymətləndirməsinin qarşısını almaq və dövlət nəzarətini gücləndirməkdir.
Bu qurumlar artıq beynəlxalq şəbəkə halında fəaliyyət göstərir. Məsələn, Böyük Britaniya və ABŞ birlikdə qlobal “AI təhlükəsizlik şəbəkəsi”nin yaradılmasına rəhbərlik edir”.
 
Dünyada bir ilk: Albaniyanın “virtual naziri”
 
Hüquqşünas deyib ki,  2025-ci ilin sentyabrında Albaniya dünyanı heyrətləndirən bir yeniliyə imza atdı: Dövlət satınalmalarında korrupsiya ilə mübarizə məqsədilə Diella adlı süni intellekt sistemi “virtual nazir” elan edildi:
 
"Bu, tarixi bir dönüş nöqtəsidir: artıq yalnız insanlar deyil, alqoritmlər də formal olaraq dövlət idarəçiliyinə daxil olur.
Əlbəttə, bu addımlarla cavablandırılması labüd olan ciddi suallar doğurur. Məsələn, hüquqi məsuliyyət kimə aiddir – süni intellektə, yoxsa onu idarə edənlərə? Şəffaflıq və demokratik nəzarət necə təmin ediləcək? Virtual nazirin qərarları insan hüquqları ilə necə uzlaşdırılacaq?
Təbii ki, bu təcrübə hələlik erkən mərhələdədir, lakin gələcəkdə digər ölkələrdə də oxşar addımların atıla biləcəyi gözlənilir”.
 
Süni intellekt nazirliklərinin əsas məqsədləri
 
Y.Xəlilov əlavə edib ki, dünyada süni intellekt nazirlikləri və ofisləri müxtəlif məqsədlərlə yaradılır:
 
"Lakin onların ortaq funksiyaları belədir
 
1. Koordinasiya – Təhsil, səhiyyə, müdafiə və iqtisadiyyat kimi müxtəlif sahələrdə süni intellekt layihələrinin sinxronlaşdırılması
2. Tənzimləmə – Süni intellektin etik, hüquqi və sosial təsirlərinə nəzarət, qanunların icrasının təmin edilməsi
3. Təhlükəsizlik – Qabaqcıl modellərin sınaqdan keçirilməsi və potensial risklərin qarşısının alınması
4. Sənaye siyasəti – Dövlət investisiyalarının istiqamətləndirilməsi, startapların dəstəklənməsi və rəqabətqabiliyyətli Sİ sənayesinin inkişafı
Yuxarıda sadaladığımız funksiyaların gerçəkləşməsi zamanı gözlənilən risklər və problemlər də mövcuddur. Hətta yeni qurumların yaranması müəyyən təhlükələr də yaradır.
Bunlardan ən birincisi, səlahiyyətlərin təkrarlanmasıdır. Belə ki, nazirlik, ofis və agentliklər arasında səlahiyyətlərin aydın bölünməməsi idarəçilikdə qarışıqlıq yarada bilər.
İkinci məsələ simvolizm riski ilə bağlıdır. Çünki bəzi ölkələrdə nazirliklər yalnız vitrin xarakteri daşıya və real səlahiyyətlərə malik olmaya bilər.
Üçüncü problem etik və hüquqi boşluqlar barəsindədir. Albaniya nümunəsində olduğu kimi, virtual nazirlik ideyası hüquqi məsuliyyət məsələlərini daha da mürəkkəbləşdirir.
Dördüncü, riskli məqam şirkət asılılığı ilə əlaqədardır. Məlum məsələdir ki, dövlətlərin alqoritmik test və sertifikasiya üçün yalnız özəl şirkətlərin resurslarından asılı qalması neytrallığı zədələyə bilər.
Qeyd edək ki, süni intellekt üzrə nazirliyin yaradılması öz-özlüyündə məqsəd deyil. Əsas məsələ düzgün strateji yanaşmanın qurulmasıdır.
Bu strategiya dörd əsas dayağa söykənməlidir:
1. Siyasi çəkisi olan mərkəzi idarəetmə orqanı.
2. Hüquqi icranı təmin edən güclü nəzarət qurumu.
3. Elm və texniki infrastrukturun inkişafı.
4. İnnovasiya və sənaye siyasətinə dəstək.
Göründüyü kimi BƏƏ siyasi liderlik nümayiş etdirərək süni intellekti nazirlik səviyyəsinə qaldırdı. Avropa İttifaqı hüquqi çərçivəni gücləndirdi. Böyük Britaniya, ABŞ və Yaponiya isə təhlükəsizlik ölçüləri ilə qlobal standartları formalaşdırır. Albaniyanın virtual naziri isə gələcəyin idarəçilik modellərinə dair yeni suallar doğurur".
 
Hüquqşünas sonda qeyd edib ki, dünya yeni bir dövrə qədəm qoyur. Bir vaxtlar yalnız romanlarda gördüyümüz süni intellekt indi dövlətin əsas qərarverici strukturlarına daxil olur:
 
"Bu, böyük fürsətlər və eyni zamanda ciddi risklər deməkdir. Gələcəkdə bəlkə də “nazir” anlayışı dəyişəcək və dövlət idarəçiliyində insanlarla yanaşı alqoritmlər də söz sahibi olacaq.
Ancaq bir şey aydındır: bu proses düzgün hüquqi və etik çərçivə ilə müşayiət olunmasa, texnologiya dövlətin gücünü artırmaq əvəzinə, onun əsaslarını sarsıda bilər”.
 
Mehin Mehmanqızı
Seçilən
16
1
moderator.az

2Mənbələr