Xəbər verildiyi kimi, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə ilk dəfə müsabiqədə iştirak edənlər və bir sıra şəxslər istisna olmaqla digər şəxslər üçün ödənişli olacaq. Məsələ Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə olunan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.
Bu addımın layihədə müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə atıldığı bildirilir.
Ancaq bu qərar ictimaiyyət tərəfindən müsbət qarşılanmır. Bəllidir ki, bu gün müəllim kimi çalışmaq heç də asan deyil. Şəxs ali məktəbi bitirəndən sonra işə qəbul olunmaq üçün MİQ-ə imtahan verir, o imtahandan keçsə işə başlayır. Sonra isə davamlı olaraq sertifikasiya imtahanı ilə imtahan olunur. Sertifikasiyadan uğurlu nəticə əldə etməsə işdən azad olunur.
Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə məlum məsələyə toxunaraq deyib ki, MİQ hamı üçün ödənişli olmayacaq, ilk dəfə iştirak edənlər, şəhid ailələrinin üzvləri və digər xüsusi şəxslər üçün imtahan ödənişsiz olacaq: “MİQ imtahanı üçün 60 min adam müraciət edir, 48 min nəfər gəlir, bu bizim üçün əlavə xərcdir. 12 min şəxsin gəlməməsi onlara ayrılmış texniki resursun istifadə olunmaması deməkdir. MİQ imtahanının qiyməti çox yüksək olmayacaq. Məqsəd pul yığmaq deyil, məsuliyyət yaratmaqdır".
Ilham Əhmədov: “MİQ imtahanının pullu olması Elm və Təhsil Nazirliyinin büdcəni qeyri-rasional xərcləməsi ilə bağlıdır”
Təhsil eksperti İlham Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, MİQ imtahanının pullu olması Elm və Təhsil Nazirliyinin büdcəni qeyri-rasional xərcləməsi ilə bağlıdır: “Büdcə 1 milyard olanda bütün işlərə pul çatırdı, hətta ucqardakı məktəbləri belə saxlamaq olurdu. İndi vəziyyət dəyişib, bu səbəbdən də bütün işləri pullu etməyə çalışırlar. Ancaq öz xərclərini təhlil etsələr bu kimi işlərə pul çatar. Müəllimlərin İşə Qəbul İmtahanının maliyyə xərcləri varsa, bunu Təhsilin İnkişaf Fondunun büdcəsindən edə bilər. Ancaq edə bilmirlər, çünki bu yaxınlarda məlum olub ki, həmin fondun büdcəsindən 800 min manat ödənilərək 16 ədəd bahalı avtomobil alınıb. Həmin avtomobillər regional təhsil idarələrinin rəhbərlərinə xidməti maşın kimi verilib. Həmin maşınların pulu ilə müəllimlərin işə qəbul prosesini təxminən 10 il pulsuz aparmaq mümkün olardı. Müsabiqələr elə də xərc aparmır”.
Məzahir Məmmədli: “Qeyri-ciddi yanaşanların qarşısını almaq üçün məhz bu addımlar atmaq zəruridir”
Təhsil eksperti Məzahir Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, təcrübə göstərir ki, qeydiyyatdan keçənlərin hamısı imtahanlarda iştirak etmir: “Bu il qeydiyyatdan keçənlərdən 12 min nəfər imtahanlarda iştirak etməyib, bu da ümumi işə bir qədər maddi baxımdan ziyan vurur. Hazırkı mərhələdə ödənişlərin 40–60 manat aralığında olması nəzərdə tutulur. Bu cür qərarların verilməsi haqlıdır, çünki hər kəs qeydiyyatdan keçib, sonra iştirak etməyəcəksə, deməli, qeyri-ciddi yanaşır. Qeyri-ciddi yanaşanların qarşısını almaq üçün məhz bu addımlar atmaq zəruridir. İlk dəfə imtahana qatılanların bu ödənişdən kənarda qalması isə doğru addım sayılır”.
Günel CƏLİLOVA