AZ

Rəşad Sadıqovdan millinin baş məşqçi postu ilə bağlı VACİB QEYD

"2-3 nəfər var. Hamısına suallar yönləndirilir. Mən özümü ucuzlaşmış hiss edirəm. Bir dəfə demişəm. Mövzuya bir daha qayıtmayacam. Xahiş edirəm, bu barədə sual verməyin".

Bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Son vaxtlar söz-söhbət gəzir ki, milliyə namizədliyiniz irəli sürülüb" fikrinə münasibət bildirərkən irəli sürüb.

Yaxşı xatırlayıram, Canni De Byazinin millinin baş məşqçi postundan göndərilməsindən sonra da boş qalan posta yerli məşqçinin gətirilməsi indiki qədər aktual idi.

Və hazırda "Neftçi"ni çalışdıran (o dövr "Sumqayıt"ın baş məşqçisi idi) Samir Abasov da təxminən bu məzmunda fikirlər səsləndirmişdi.

Nə Sadıqovu qınamaq olar, nə də Abasovu.

Hər ikisi də kifayət qədər bacarıqlı mütəxəssislərdir.

Və özlərinə dəyər verməyi, hörmət etməyi bilirlər.

Hər dəfə yalnız namizəd kimi adlarının çəkilməsi onlara haqlı olaraq xoş gəlmir.

Mətbuat yazır, azarkeşlər danışır, mütəxəssislər rəy bildirir ki, yığmanı yerli baş məşqçi çalışdırmalıdır.

Amma yekunda AFFA heç bir fikirə məhəl qoymadan yenə əcnəbilərə üz tutur.

Federasiyanın qərarı "əşşi yerli məşqçiləri boş verin, boş-boş danışırlar da" görüntüsü yaradır.

Sadıqovu da, Abbasovu da incidən budur.

Axı bu adamlar ancaq müzakirələrdə adı keçəcək, formal xarakter daşıyan siyahıda adları yer alacaq adamlar deyil.

Hər biri millinin başında olmağa layiq baş məşqçilərdir.

Ümid edək ki, heç olmasa bu dəfə futbolumuza cavabdeh olan qurum yerli məşqçilərin namizədliyinə formal baxmayacaq, dırnaqarası yanaşmayacaq.

Ya Ayxan Abbasov müvəqqəti təhvil aldığı postda daimi qalacaq, ya da digər namizəd yerlilər dəyərləndiriləcək.

XANOĞLAN İMANOV

Seçilən
39
sportinfo.az

1Mənbələr