AZ

Nazirlik Xalq artistinin vəfatı ilə əlaqədar nekroloq yaydı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Hacı Murad Yegizarovun vəfatı ilə əlaqədar nekroloq yayıb.

Publika.az xəbər verir ki, nazirlik Azərbaycan mədəniyyətinə ağır itki üz verdiyini vurğulayıb, aktyorun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirib: "Xalq artisti, tanınmış teatr və kino aktyoru, Dövlət mükafatı laureatı Hacı Murad Yegizarov 13 sentyabr 2025-ci il tarixində, ömrünün 86-cı ilində Almaniyada vəfat edib. Hacı Murad Hacı Əhməd oğlu Yegizarov 18 iyul 1939-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəb illərindən səhnə sənətinə maraq göstərib, dram dərnəyində çıxış edib. 1958–1962-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsində (Xalq artisti Məhərrəm Haşımovun kursu) təhsil alıb. 1962-ci ildən sənət taleyini Azərbaycan Dövlət Rus Dram Teatrına bağlayan aktyor burada "Sən niyə yaşayırsan?", "Həyat necə də qısadır", "Pik saatı", "Öz yolunla", "Valentin və Valentina", "İvanov", "Qumluqdakı ev", "Aydın", "Şeyx Sənan", "Qurdlar və quzular", "Artist və onun kölgəsi", "Arzu tramvayı" və digər tamaşalarda yaddaqalan obrazlar qalereyası yaradıb. 1950-ci illərin sonundan filmlərə də dəvət alan aktyor “Böyük dayaq”, “Ulduz”, “Arşın mal alan” (1965), “Bir cənub şəhərində”, “Ən vacib müsahibə” və s. filmlərdə maraqlı rollar oynayıb. Aktyorun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, 1974-cü ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə Dövlət mükafatına, 2009-cü ildə “Şöhrət”, 2019-cu ildə isə “Şərəf” ordenlərinə layiq görülüb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Hacı Murad Yegizarovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin".

Seçilən
14
21
publika.az

10Mənbələr