Bölgədə sərhədlərin qan və gözyaşları ilə çəkilməsinə, "böl, parçala, idarə et" səhnəsinin təkrarlanmasına icazə verilməyəcək.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Təşkilat Akademiyasının bağlanış proqramında deyib.
Onun sözlərinə görə, illərdir AK Partinin büdrəməsini gözləyənlər olub, amma hər dəfə yorulan AK Parti deyil, onların özləri olub.
Ərdoğan vurğulayıb ki, Türkiyə 50 ilə yaxındır terror təhlükəsindən əziyyət çəksə də, bir il öncə həyata keçirilən tədbirlər nəticəsində "Terrorsuz Türkiyə" hədəfinə çatıb:
"Bunu hər kəs bilməlidir ki, illərdir Türkiyənin daxili və xarici siyasətini terrorla "dizayn" etməyə çalışanlar artıq cəhd etməsinlər. Biz buna icazə verməyəcəyik. Bölgəmizdə sərhədlərin qan və gözyaşları ilə çəkilməsinə, "böl, parçala, idarə et" səhnəsinin təkrarlanmasına icazə verməyəcəyik. Bölgəmizin gələcəyində terrora yer yoxdur, olmayacaq da. Türklər, kürdlər, ərəblər - əsrlərboyu necə birlikdə yaşayırıqsa, bundan sonra da qardaş kimi yaşamağa davam edəyik".