Avropa Birliyinin (AB) müdafiə sahəsində Türkiyəyə tərəf yönəlməsi Yunanıstan mediasının diqqətini cəlb edib.
Axar.az xəbər verir ki, Yunanıstanın “Sporttime” nəşri Brüsselin Türkiyə ilə PUA və hava hücumundan müdafiə sistemləri ilə bağlı əməkdaşlığa can atmasının Yunanıstanda böyük narahatlıq yaratdığını yazıb.
Bildirilib ki, Ukraynadakı müharibə, enerji asılılığı və miqrasiya dalğaları Avropanın strateji zəifliyini üzə çıxarıb:
“Eyni zamanda silah və hava hücumundan müdafiə sistemlərindəki çatışmazlıq AB-ni yeni tərəfdaşlar axtarmağa məcbur edir. Ankara da bu baxımdan texnologiyası və istehsal gücü ilə seçilir. Misal: Türkiyənin müdafiə-sənayesi liderlərindən olan “Baykar” dünya miqyasında tanınan PUA-ları, müasir raket sistemləri və yeni nəsil hava hücumundan müdafiə layihələri ilə adından söz etdirib. Bu da Ankaranı regional güc mərkəzinə çevirib”.
Əlavə edilib ki, İtaliya nəhəngi “Leonardo” şirkəti ilə birgə layihələr Türkiyənin Avropa təhlükəsizlik arxitekturasında daimi yer tutmaq səylərinin göstəricisidir:
“Bu baxımdan Avropa kritik sahələrdə Türkiyənin müdafiə sənayesindən asılı ola bilər”.