AZ

Azərbaycanda dizelin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA “Artım gözlənilir”

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

 Son iki ildə  dünyada dizel yanacağının qiyməti artıb. Məlumata görə, dizelin Rusiyanın Avropa ərazisinə çatdırılması ilə qiyməti 2,3 faiz bahalaşıb.  Eyni zamanda, bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağının alınmasına 2 milyard 453,2 milyon manat xərclənib. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,9% çoxdur.

Əlavə edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 6,1%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.Statistik məlumatlar onu deməyə əsas verir ki, ölkəmizdə  də yanacağa təlabat artıb. Belə olanda qarşıdakı aylarda dizelin qiymətində bahalaşma gözlənilirmi?

Moderator.az-a Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinin sədri Akif Nəsirli deyib ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan dizel istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% artırıb, 1,6288 milyon ton dizel yanacağı istehsal edilib. Onun sözlərinə görə,  bu, ölkə daxili tələbatı ödəmə baxımından müsbət göstəricidir:

““Energy Imports: Diesel Fuel” göstəricilərinə görə, 2022- ci ildə dizel idxalı böyük olmuşdu. Amma 2023-cü ildə idxal kütləsi kəskin azalıb. 2022-ci ildə idxal 41,800 min tona yaxın olub, 2023-cu ildə isə 27,7 min tona qədər azalıb. Bu da daxili istehsalın daha çox istifadə olunması və idxaldan asılılığın azalması deməkdir.

Hazırda Azərbaycanda dizelin litrinin pərakəndə satış qiyməti təxminən 1 manat təşkil edir. Qiymətin formalaşmasına istehsal xərcləri, yenilənmiş Euro-5 standartlarına uyğunluq, vergilər və tariflər təsir edir”. 

İqtisadçı  qeyd edib ki, bu faktorlar qiymətlərin gələcəkdə artmasına səbəb ola bilər:

“Qlobal neft və dizel bazarındakı təzyiqlər yarana bilər. Digər ölkələrdə dizel qiyməti (Rusiyada və Avropada) artıb, ixrac gömrük rüsumları, logistika xərcləri, nəqliyyat marşrutlarının dəyişməsi, sanksiyalar və hasilat bazar balansına təsir göstərir. Bu trendlər Azərbaycana da birbaşa və dolayı şəkildə təsir edə bilər.

Neftin dünya bazar qiymətlərində artımı, xüsusilə Brent, OPEC qərarları, digər amillər  və s. dizel istehsalının maya dəyərini yüksəldə bilər.

İstehsalın təkmilləşdirilməsi və standartların yüksəldilməsi də  dizel qiymətinə təsir edə bilər. Euro-5 kimi yüksək standartlara uyğun yanacaq istehsalı, emal xərcləri, əlavə texnologiyalar, tullantı emalı və ekoloji tələblər bahalaşmanı sürətləndirə bilər.

Dövlət tərəfindən tətbiq olunan vergilər, idxal rüsumları və satış vergiləri dizel qiymətini artıran mühüm komponentlərdir. Hökumət siyasəti (milli enerji strategiyası, subsidiyalar) bu istiqamətdə dəyişə bilər.

Xaricidən xammal alınması, idxal xərcləri, devalvasiya və logistika (nəqliyyat, gömrük tarifləri) faktorları da qiymətlərə təsir göstərə bilər”.

A.Nəsirlinin fikirincə, əgər qlobal neft qiymətləri yüksək qalarsa və Azərbaycanda istehsal xərcləri artırsa, dizelin litri hazırkı 1 manat səviyyəsindən 5-10% artım ola bilər:

 “Məsələn, 1,05-1,10 manat aralığında ola bilər. Əgər neft qiymətlərində ucuzlaşma olsa və emal xərcləri sabit qalsa, qiymətlər stabil qala bilər və ya kiçik mənfəətlərlə artım gecikdirilə bilər.

Dövlət subsidiyalarını artırarsa və ya vergiləri aşağı səviyyədə saxlayarsa, bahalaşma məhdudlaşa bilər”.

İqtisadçı sonda əlavə edib ki, Azərbaycanda dizel yanacağının qiymətində bahalaşma gözləniləndir, amma bu artım mövcud dəyişkənlərə bağlı olaraq orta səviyyədə olacaq. Tamamilə yüksək sıçrayış ehtimalı yoxdur, amma bir neçə ay-bir il ərzində kiçik-orta dərəcəli artım mümkün görünür.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
moderator.az

2Mənbələr