AZ

ABŞ NATO ərazisinin hər qarışını qoruyacağına söz verdi

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

ABŞ Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşa hava məkanını pozması fonunda NATO ərazisinin müdafiəsinə hazır olduğunu bəyan edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Doroti Şi Dövlət Departamentinin mətbuat xidməti vasitəsilə məlumat yayıb.

"ABŞ NATO müttəfiqlərini bu narahatedici hava məkanı pozuntuları qarşısında dəstəkləyir. ABŞ Polşa və digər NATO müttəfiqləri ilə Şimal Atlantika Müqaviləsinin 4-cü maddəsinə uyğun məsləhətləşmələr aparır və əmin ola bilərsiniz – biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”, deyə o vurğulayıb.

Şinin sözlərinə görə, bu hadisə ABŞ-ın son həftələrdə Ukraynadakı müharibəni dayandırmaq üçün göstərdiyi "fövqəladə səylərə” ziddir.

O, xatırladıb ki, avqustun 15-də Alyaskada prezident Donald Tramp və Vladimir Putin arasında keçirilən görüşdən sonra Rusiya Ukraynaya qarşı bombardman kampaniyasını gücləndirib, nəticədə mülki infrastruktur dağıdılıb və insan tələfatı baş verib.

Şi əlavə edib ki, bu addımlar, həmçinin ABŞ-ın müttəfiqinin hava məkanının pozulması Vaşinqtonun sülh səylərinə qarşı açıq hörmətsizlikdir.

"Biz Rusiyanı diplomatiyaya sadiqliyini təsdiqləməyə və Ukrayna ilə birbaşa danışıqlar yolu ilə hərbi əməliyyatların dərhal dayandırılması üçün addım atmağa çağırırıq”, deyə o bildirib.

Xatırladaq ki, sentyabrın 10-da Polşanın baş naziri Donald Tusk ölkə ərazisinə 19 Rusiya dronunun daxil olduğunu, onlardan yalnız 4-nün vurulduğunu açıqlamışdı. Onun sözlərinə görə, bu hava məkanı pozuntuları təsadüfi və ya naviqasiya xətası ilə bağlı deyildi – dronlar bu dəfə qəsdən Belarus ərazisindən göndərilmişdi.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
qaynarinfo.az

1Mənbələr