AZ

Sülh prosesini pozmaq cəhdləri: “Moskva ona görə əsəbidir ki...”

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

Sabiq dövlət müşaviri: “Rusiya əlaltısı olan erməni müxalifəti vasitəsilə qarışıqlıq yaratmaq, sülh prosesini pozmaq niyyətindədir”

“Ermənistanda bəzi qüvvələr Azərbaycanla sülhü pozmaq niyyətindədirlər.  Həmin qüvvələr hələ də məsələnin əsl mahiyyətini başa düşmürlər”. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir avqustun 8-də Vaşinqtonda İrəvanla Bakı arasında əldə edilmiş razılaşmanı gözdən salmağa çalışan qüvvələrə cavabında deyib: "Sülh bəyannaməsi imzalandı, onlar dedilər ki, bu, ancaq bəyannamədir. Amma heç kim demir ki, 1994-cü ildən Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi gedirdi və heç vaxt Qarabağ məsələsi ilə bağlı bəyannamə layihəsindən başqa sənəd layihəsi olmayıb. Bəyannamə bu qədər asan bir şeydirsə, niyə 30 ildir bu dövlətin, xalqın bütün enerjisini, gündəmini sırf həmin bəyannamə üzərində cəmləşdiririk?".

“Sülh bərqərar olub və çoxlarının proqramından kənarda olub. İndi onlar bu sülhü pozmağa çalışırlar. İstər Ermənistanda, istərsə də uzaq və yaxın xaricdə belə maraqları olan qüvvələrin olduğunu görməmək mümkün deyil. Biz qurulmuş sülhü bu nöqtədən institusional məhvə doğru inkişaf etdirmək istəyənlərə zidd olaraq, institusional inkişafa doğru inkişaf etdirməliyik. Bu yolda heç kim bizə mane ola bilməyəcək", - Baş nazir əminliklə söyləyib.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistanda sülhə qarşı olan qüvvələr bəllidir. Analitik AYNA.AZ-a mövzunu şərh edərkən vurğulayıb ki, Paşinyan revanşist qüvvələr adlandırılan erməni müxalifətini nəzərdə tutur: “Həmin qüvvələr də xarici qüvvənin göstərişi ilə sülhə qarşı olduqlarını nümayiş etdirirlər. Paşinyan açıqlamasında bunu dedi”.

- Xarici qüvvə dedikdə söhbət Rusiyadan gedir?

- Təbii ki, Rusiyadan gedir. Paşinyan xarici qüvvə dedikdə ad çəkmədi, amma Rusiyanı işarə etdi. Bəllidir ki, Ermənistan müxalifətini maliyyələşdirən də, revanşist əhvala kökləyən də, hansısa sözlər, vədlər verən də məhz Rusiyadır. Ümumiyyətlə, artıq bitmiş sayılan Qarabağ münaqişəsini yaradan Moskvadır, odu körükləyən Kremldir. Rusiya heç cür qəbul edə bilmir ki, Cənubi Qafqazda münaqişə yoxdur, sülh və çiçəklənmə mərhələsi başlayır. Bunu həzm edə bilməyən Rusiya müxtəlif vasitələrlə yenidən qarışıqlıq yaratmağa cəhdlər edir. Qarabağ münaqişəsi Rusiyanın əlində Ermənistana da, Azərbaycana da qarşı istifadə etmək üçün bir rıçaq idi. Artıq o rıçaq yoxdur. Bu isə Moskvanı əsəbləşdirir. Azərbaycanın müstəqil siyasət yeritməsi, Ermənistanın Qərbə inteqrasiya kursu götürməsi Rusiyanın narazılığı və narahatlığı ilə müşahidə olunur.

- Dediyiniz kimi, münaqişə bitib, sülh dövrü başlayır. Rusiya bunu görmür?

- Əlbəttə, görür. Dediyim də odur ki, görür və bundan hədsiz dərəcədə narahatdır, əsəbidir. Rusiya rəsmiləri bəyanatlarında deyirlər ki, Moskva sülhdə maraqlıdır, Cənubi Qafqazda sabitliyin bərqərar olmasını istəyir və s. Amma hamısı yalandır, görüntüdür. Rusiya heç zaman regionda sülh v\ə əmin-amanlığın olmasında maraqlı olmayıb, indi də deyil. İkinci Qarabağ müharibəsi dövründə Ermənistana və Qarabağdakı separatçı ünsürləri hər cür silah-sursatla təmin etdi. Hətta məlumatlara görə, rus hərbçilər ermənilərlə bərabər Azərbaycana qarşı döyüşdülər. Elə ki gördülər qəhrəman Azərbaycan Ordusu əraziləri işğaldan azad edir, Şuşa azad edilib, əldə Xankəndi qalsın deyə tez tərəflərlə danışıqlar apardı, vasitəçiliyi ilə atəşkəs barədə Üçtərəfli Birgə Bəyanat imzalandı. Bundan sonra Rusiya qoşunlarını Qarabağa sülhməramlı adı altında yerləşdirdi ki, biz onların necə “sülhməramlılıq” göstərdiklərinin şahidi olduq. Hər gün təxribat, hər gün bir hadisə. Azərbaycan Prezidentinin müdrik və qətiyyətli siyasəti nəticəsində bu problem də aradan qalxdı. Azərbaycan Ordusu bir sutkalıq antiterror əməliyyatı ilə suverenliyini bərpa etdi. Qarabağdakı ermənilərə də təklif olundu ki, vətəndaşlıq qəbul etsinlər, yaşasınlar. Amma onlar bunu seçmədilər, könüllü şəkildə ərazini tərk elədilər. Paşinyanın Praqada dolayısı ilə “Qarabağ Azərbaycandır” deməsi ilə məsələ tamamilə bitmiş sayıldı. Rusiya rəsmilərinin özləri etiraf etdilər ki, “Paşinyan Qarabağ Azərbaycana aiddir” deməsindən sonra Moskvanın əlindən nəsə gəlmədi.

- Yenidən Ermənistanda ermənilərin Qarabağa qayıdışından danışılır, imza toplanır və s.

- Bu da Rusiyanın başının altından çıxan hoqqadır. Rusiya hansısa formada yenidən sülh prosesinə mane olmağa çalışır. Müxtəlif yollar axtarır ki, nələrsə etsin, sülh prosesi pozulsun. Qarabağ ermənilərindən soruşsunlar: onlar qayıtmaq istəyirlərmi? Təbii ki, yox. İstəsəydilər qalıb yaşayardılar, amma onlar oynaya-gülə getməyi seçdilər. İndi qayıtmaqla bağlı imza atanların əksəriyyəti əminəm ki, heç Qarabağ ermənisi deyil.

Eyni zamanda, Rusiya əlaltısı olan erməni müxalifəti vasitəsilə qarışıqlıq yaratmaq, sülh prosesini pozmaq niyyətindədir. Amma buna nail olmaqları çətindir. Çünki sülh strategiyasını seçmiş Paşinyana erməni cəmiyyətinin təxminən 70 faizinin dəstəyi var. Yerdə qalan 30 faizin 20 faizi sülh istəməsə də, müharibədə də maraqlı deyil. 10 faiz revanşist qüvvələr var ki, onların da proseslərə təsir etmək gücü yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
ayna.az

1Mənbələr