AZ

Məcburi köçkünləri hədəfə gətirmək kimlərə sərf edir? Əfsələddin Ağalarov yazır

ain.az, Azxeber.com portalına istinadən məlumat verir.

Əfsələddin Ağalarov

Çadır şəhərciyi… "Cüzamlı” adamlar…

Heç kim yaxın durmaz, dursa da, əlində xəncər uzaqdan söhbət edərdi.

Dirsəyinə qədər təzəyə batmış, balağına qədər palçığa bulaşmış bir qrup insan kimi görürdülər. Bir qrup yox, dəqiq sayla 1 milyon.

Kreativ adları da vardı: Məcburi köçkünlər…

Ağır günlər idi. Evsizlik, sahibsizlik, işsizlik, kimsəsizlik… Çətin günlərdə dövlət sahib çıxdı. Çadır şəhərciyini ləğv edib, yerinə mənzillər verdi. Ardınca sosial yardım və digər dəstəklər gəldi.

Bu da gözə batdı. Sevilməyən, istənməyən, diskriminasiyaya uğrayan 1 milyon insan arzuolunmaza çevrildi.

Elə bil azərbaycanlılar bir tərəfə, o 1 milyon insan bir tərəfə yığıldı. Sual konkret belə idi:

 • Niyə torpağını qoyub gəldin, niyə ölmədin?

Özüm şahidəm! Mübaliğəsiz…

Bir qazaxlı, qaxlı, naxçıvanlı Bakıda gözə batmazdı. Heç kəs onlara "öz rayonunda, şəhərində niyə yaşamırsan?” deməzdi. Amma bir məcburi köçkün "sinikers” yeyə-yeyə "Coca-cola” içsə, dığ-dığ başlayardı.

Obraz hazır idi:

Məcburi köçkün qatarda qalmalı, sabunla saçını yumalı, qəndlə çay içməli, ən yaxşı halda ildə bir neçə dəfə ət yeməli idi. Məzlum, yazıq, niskilli olmalıydı.

33 il keçdi.

Bu cəmiyyət fahişəni, transı baş tacı etdi, bir bu məcburi köçkünləri qəbullana bilmədi.

Müharibə bitdi, sülh sazişi yoldadır. Amma balıq qılçığı kimi, məcburi köçkünlər hələ də bir çoxlarının boğazında ilişib qaldı.

Bəzi dələduzlara, bəzi işbazlara görə milyondan çox insan hədəfdədir.

Son günlər bəzi şəxslərin səsi yüksəkdən gəlir. Başqasının evinə girən, mülkünü zəbt edən adamlara görə böyük bir kütlə hədəfdədir. O adamların evləri qaytarılmalı, qanuna tabe olmayanlar cəzalandırılmalıdır. Amma bu təhlükəli mövzu ilə ayrımçılıq etmək olmaz.

Bu mövzu ilə sosial şəbəkələrdə xalqı bir-biri ilə üz-üzə qoyanlar var. "TikTok”da çığıra-çığıra bu həssas mövzu ətrafında manipulyasiya edənlər ayılmalıdır.

Əmin olun:

Heç kim belə olmasını istəməzdi. Sökük yataqxanalarda 30 ailə bir hamam-tualetlə 30 ildən çox yaşamaq istəməzdi. İtkini, şəhidi, qəlpə gəzdirəni bu travmalarla qalmaq istəməzdi.

Bu ölkənin rəhbəri illərdir öz doğum günlərini məcburi köçkünlərlə bir yerdə keçirir, onların problemləri ilə yaxından maraqlanır. Onun sayəsində çadır şəhərcikləri tarixə qovuşub.

Dövlət də, xalq da indi bir yerdə olmalıdır. Bir-iki dələduza görə yenidən 90-cı illəri yaşatmağa ehtiyac yoxdur.

İndi daha güclü Azərbaycan var.

Bölməyə, parçalamağa çalışmayın. Danışanda, bağıranda, çığıranda ehtiyatı əldən verməyin. Hamımız birik!

Bizi nə Cənub, nə Şimal bölə bilməz. Heç olmasa dövlətin maraqlarını düşünün. Ümumi danışmaqla nə qədər insanı yaraladığınızı unutmayın!

Bu dövlət bütövlüyü ilə elə hamımıza bəsdir!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
azxeber.com

2Mənbələr