AZ

Rusiya rəsmiləri Tramp marşrutuna qarşı getdikcə aqressivləşir - Lavrov, Zaxarova, daha kim...


Azər Həsrət: “Moskvanın yenidən hərəkətlənməsi regionda gedən sülh prosesini pozmaq məqsədi güdür”

“Tramp marşrutu”nun praktikada necə işləyəcəyini anlamaq yalnız layihənin konkret detalları ilə tanışlıqdan sonra mümkün olar”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, bir sıra əlavə amillər də nəzərə alınmalıdır: “Ermənistan Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanına daxildir, “Rusiya Dəmir Yolları”nın törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti Ermənistanda dəmir yolu şəbəkələrini idarə edir, Rusiya sərhədçiləri isə guya göstərilən marşrutun keçəcəyi bölgədə sərhədi qoruyur”.

Bundan əvvəl xarici işlər naziri Sergey Lavrov 8 avqust razılaşmasını şübhə altına alacaq açıqlama ilə çıxış edib. İndi də Zaxarova belə bir açıqlama ilə çıxış edib. Diqqəti çəkən odur ki, son günlər Rusiya davamlı olaraq Zəngəzur dəhlizini hədəf alan açıqlamalarla çıxış edir.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Azər Həsrətin fikrincə, Rusiya öz “kirli burnunu” bütün işlərə soxmasa dayana bilmir: “Zəngəzur dəhlizi Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazisindən keçəcək. Onun bir tərəfi Azərbaycan Respublikasının əsas torpağı, digər tərəfi isə ölkəmizin bir hissəsi olan Naxçıvan Muxtar Respublikasıdır. Yəni Zəngəzur dəhlizinin keçəcəyi iki ölkə var - Ermənistan və Azərbaycan. Burada Rusiyanın müdaxilə edəcəyi heç nə yoxdur. Üstəlik, bu, sıfırdan qurulacaq yeni yoldur. İstər dəmir yolu, istərsə də avtomobil yolu. Təbii ki, o yolu kim quracaqsa, kim işlədəcəksə ona qərarı Ermənistan verir. Bununla bağlı da avqustun 8-də Vaşinqtonda razılaşma əldə edilib. Yəni bu yolu Birləşmiş Ştatlar quracaq. Yəni Rusiyalıq burada heç nə yoxdur. Ona görə də Rusiya “kirli burnunu” yeri gəldi-gəlmədi bura soxmasın. Bəli, Rusiya Ermənistanın dəmir yollarını idarə edir, sərhədlərini qoruyur, orada hərbi bazası mövcuddur. Bütün bunlar hamıya məlumdur, amma Ermənistan da yavaş-yavaş Rusiya əsarətindən qurtulmaqdadır. Bir müddət öncə Ermənistanın İrəvandakı əsas hava limanı olan “Zvartnots”dan Rusiya sərhədçiləri çıxarıldı. İndi Azərbaycanla Ermənistan arasında, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması üçün işlər gedir. Təbiidir ki, Azərbaycan da, Türkiyə də sərhəddə rus əsgərlərinin dayanmasını arzu etmirlər. Bu baxımdan Rusiyanın edəcəyi tək şey var - şələsini toplayıb Cənubi Qafqazdan bütünlüklə çəkilsin. Ondan sonra biz ermənilərlə də, başqaları ilə də çox rahat dil tapacağıq. Zatən tapmaqdayıq. Baxın, Rusiya sıxışdırılıb kənara çəkiləndən sonra biz ermənilərlə necə rahat şəkildə dil tapırıq. O üzdən, Moskvanın yenidən hərəkətlənməsi regionda gedən sülh prosesini pozmaq məqsədi güdür. Bu, bölgədə qarşıdurma, nifaq istəyindən başqa bir şey deyil. O baxımdan hesab edirəm ki, həm Azərbaycan, həm Ermənistan və bizimlə bərabər Gürcüstan Türkiyə ilə əlbir olub Rusiyanı regiondan birdəfəlik rədd etməlidirlər. Azərbaycan tərəfindən 3+3 formatı təklif olunub, amma Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğal olunması, Tbilisinin bu formatda iştirakını mümkün etmir. Ona görə də neçə vaxtdır təklif edirəm ki, 3+1 formatı ən uyğun variantdır. Yəni Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə. Bizim region üçün ən uyğun format budur. Sual oluna bilər ki, niyə İran yox? Çünki İran fars molla rejimi tərəfindən idarə edilir. Prezidenti Azərbaycan türki olsa da. Çünki İranla Rusiya fərqli deyil. Burada tək güvənəcəyimiz xarici ölkə qardaş Türkiyədir”.

Vidadi ORDAHALLI

Seçilən
31
baki-xeber.com

1Mənbələr