AZ

Şimali Koreyada xarici seriallara görə insanlar edam edilib - Şok hesabat

Son 10 ildə Şimali Koreyada ölüm hökmü daha geniş yayılıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Ofisinin dərc etdiyi hesabatda bildirilib.

Hesabat 1 yanvar 2014-cü il - 31 may 2025-ci il tarixlərini əhatə edir.

Şimali Koreyada insan haqlarının vəziyyətini araşdıran hesabat, dünyaya tamamilə qapalı olan ölkədə vəziyyətin son 10 ildə daha da pisləşdiyini ortaya qoyur.

"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən toplanmış məlumatlar göstərir ki, atılan məhdud addımlara baxmayaraq, Şimali Koreyada insan haqlarının vəziyyəti 2014-cü ildən bəri ümumiyyətlə yaxşılaşmayıb və bir çox hallarda pisləşib. 2014-cü ildən bəri hökumətin vətəndaşlar üzərində nəzarəti getdikcə daha da sərtləşib. 2015-ci ildən tətbiq edilən qanunlar, siyasətlər və praktikalar çərçivəsində vətəndaşlar həyatın hər bir sahəsində artan nəzarətin artmasına məruz qalıb. Siyasi həbs düşərgələri fəaliyyət göstərir, din azadlığı məhdudlaşdırılır. Bu gün dünyanın heç bir əhalisi belə məhdudiyyətlərə məruz qalmayıb”. 

Hesabatda vurğulanıb ki, Şimali Koreya hökuməti BMT-nin insan haqları ilə bağlı vəziyyəti yaxşılaşdırmaq çağırışlarına məhəl qoymayıb:

“Yüz minlərlə itkin düşmüş şəxsin, o cümlədən Şimali Koreya tərəfindən oğurlanan xarici vətəndaşların taleyi naməlum olaraq qalır.
Dini etiqad azadlığı mövhumat hesab edilərək ciddi şəkildə məhdudlaşdırılıb”.

Hesabatda insanların xarici film və seriallara görə öldürüldüyü qeyd edilib:

“Xarici ölkə (xarici filmlər və seriallar) mənşəli media məzmununun paylaşılması kimi müxtəlif hərəkətlərə görə, ölüm cəzası da daxil olmaqla yeni sərt sanksiyalar tətbiq edilib” – məlumatda deyilir.

Son 10 ildə məcburi əməyin artdığı və vətəndaşların səyahət hüququnun daha da məhdudlaşdırıldığı vurğulanıb.

"Dövlətin iqtisadiyyata nəzarət etməsi və inkişaf etməkdə olan bazar iqtisadiyyatının mühüm sahələrini bağlaması ilə insanların özlərini təmin etmək imkanları azalıb. Məsələn, bir çox insanlar artıq yerli bazarlarda ticarət edə bilmirlər. Məhdud gəlir mənbələri insanların öz iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək imkanlarına dağıdıcı təsir göstərir.
Aclıq son 10 ildə insanların həyatının ayılmaz bir hissəsinə çevrilib”,- deyə hesabatda bildirilib.

Qeyd edilib ki, 2025-ci ildə bu ölkə tarixinin heç bir dövründə olmadığı qədər qapalıdır:

"Şahid olduğumuz şey itirilmiş onillikdir. Təəssüflə deməliyik ki, Şimali Koreya indiki trayektoriyası ilə davam edərsə, xalqı bu qədər uzun müddət məruz qaldıqları əzablara, şiddətli zülmə və qorxuya daha da dözmək məcburiyyətində qalacaq.

Hesabatın hazırlanması zamanı aparılan yüzlərlə müsahibə xüsusilə gənclər arasında aydın və güclü dəyişiklik istəyini göstərir” – hesabatda qeyd edilib.

Billurə Yunus

Seçilən
10
1
olke.az

2Mənbələr