AZ

ABŞ Zəngəzura ("Tramp marşrutuna") ilk 145 milyon dolları ayırdı...


Azər Allahverənov: “Bu, o deməkdir ki, dəhlizin tezliklə istifadəyə verilməsində həm də ABŞ maraqlıdır”

ABŞ “Tramp yolu” üçün Ermənistana ilk tranş olaraq 145 milyon dollar ayırmağı planlaşdırır. Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Hanrahan İrəvanda Ermənistanın baş nazirinin müavini Mger Qriqoryanla görüşü zamanı bildirib.

“145 milyon dollar yardım bu il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar və “Tramp marşrutu”nun həyata keçirilməsi üçün maliyyələşmənin ilk tranşıdır. Yardım ticarətə, infrastrukturun inkişafına, strateji əhəmiyyətli faydalı qazıntıların təchizat zəncirlərinə və transmilli təhlükəsizliyə investisiyaların dəstəklənməsini nəzərdə tutur”, - Brendan Hanrahan qeyd edib.

ABŞ-ın bu yardımından sonra hesab etmək olarmı ki, Zəngəzur dəhlizinin çəkilişində gecikmə olmayacaq?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən millət vəkili Azər Allahverənov hesab edir ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən müxtəlif istiqamətlərdə inteqrasiya layihələrinin intensiv icrasına dair artıq qərarların verilməsi çox sevindiricidir: “Nümunə üçün, Zəngəzur dəhlizi məsələsi, Ermənistanın maliyyə ayıra bilməməsi və prosesə ABŞ-ın qoşulması, 145 milyon dollar ayırması qərarı onu göstərir ki, bu dəhlizin tezliklə istifadəyə verilməsində həm də ABŞ maraqlıdır. Azərbaycan üzərindən reallaşan bir sıra beynəlxalq yükdaşımalar, logistika, enerji resurslarının müxtəlif qütblərə çatdırılması prosesi baş verməkdədir. Azərbaycan uğurlu şəkildə bu prosesi idarə edir. Bu məsələlərdə dünyanın güclü dövlətləri ilə bərabər hüquqlu əsaslarda danışıqlar aparır, birgə addımların atılmasına müvəffəq olur, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilir. Cənubi Qafqazla bağlı siyasətin aparılmasında dünyanın maraqlı olan dövlətləri, güclü, qüdrətli ölkələri Azərbaycanın bu rolu və reputasyası ilə hesablaşmalıdır. Milli maraqlarımızın təmin olunması şərtilə bizimlə birgə əməkdaşlıq etməklə bu layihələrin uğurla həyata keçirilməsində müvəffəq ola bilərlər”.

Vidadi ORDAHALLI

Seçilən
11
baki-xeber.com

1Mənbələr