Məlum olduğu kimi, ötən gün BMT Baş Assambleyası 142 lehinə, 10 əleyhinə səslə Fələstinin 1967-ci il sərhədlərində dövlət kimi tanınmasını dəstəkləyən “Nyu-York Bəyannaməsi”ni qəbul edib.
Qətnamə Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə irəli sürülüb və BMT tarixində Fələstin məsələsində ən geniş dəstək toplayan sənədlərdən biri kimi qiymətləndirilir.
Azərbaycan Fələstinin xeyrinə “lehinə” səs verib. Ermənistan da eyni mövqeyi bölüşüb, Gürcüstan isə səsvermədə iştirak etməyib. İsrail və ABŞ qətnamənin əleyhinə çıxış edib, İsrail BMT-ni “siyasi sirk” adlandırıb.
Bəs Azərbaycanın “lehinə” səs verməsi ölkəmizin Yaxın Şərq siyasətinə və beynəlxalq imicinə necə təsir edə bilər? ABŞ və İsrailin əleyhinə mövqeyi beynəlxalq müstəvidə hansı yeni gərginlikləri yarada bilər? Bu qətnamə Yaxın Şərqdə sülh prosesinə real təkan verəcəkmi, yoxsa əksinə?
Politoloq Zeynal Əmrəliyev məsələ ilə bağlı Musavat.com-a danışıb:
“Azərbaycanın bu məsələdə mövqeyi tam aydındır və dəyişməzdir. Azərbaycan əvvəldən bəri həm İslam həmrəyliyi prinsiplərinə sadiq qalaraq, həm də beynəlxalq hüququn əsas normalarına istinad edərək Fələstin məsələsinə münasibətini açıq şəkildə ifadə edib. Ölkəmizin mövqeyi budur ki, Fələstin məsələsi yalnız və yalnız iki dövlət prinsipi əsasında həllini tapmalıdır. Başqa sözlə, Fələstin dövlətinin yaradılması bu münaqişənin ədalətli və davamlı həlli üçün mütləqdir”.
Politoloq qeyd edib ki, Azərbaycan dəfələrlə bu mövqeyini beynəlxalq tribunalardan səsləndirib və hər zaman fələstinlilərə həm diplomatik, həm də humanitar dəstək göstərib:
“Azərbaycan müxtəlif illərdə Fələstinə humanitar yardım göstərib, müstəqillik və muxtariyyətlə bağlı onların mübarizəsini dəstəkləyib. Həm Fələstin muxtariyyətinin rəhbərliyi, həm də Azərbaycandakı Fələstin səfirliyi bununla bağlı dəfələrlə minnətdarlığını bildirib.
Bununla yanaşı, Azərbaycanın İsraillə də yaxın münasibətləri mövcuddur. İslam dünyasında İsraillə ən sıx əməkdaşlıq edən ölkələrdən biri məhz Azərbaycandır. Lakin bu münasibətlər Azərbaycanın Fələstin məsələsi ilə bağlı mövqeyinə təsir göstərmir. Fələstin məsələsi prinsipial bir mövqedir və Azərbaycan bu məsələdə qətiyyən geri addım atmır.
Azərbaycan dəfələrlə bəyan edib ki, beynəlxalq hüququn prinsiplərinə hörmət edir, İslam həmrəyliyinə sadiqdir və münaqişələrin ədalətli həllinin tərəfdarıdır. BMT-də aparılan müzakirələr zamanı da ölkəmiz Fələstin məsələsində mövqeyini açıq şəkildə ifadə edib. Ümumiyyətlə, Azərbaycan dövlətinin siyasətində gizli və qeyri-müəyyən yanaşma yoxdur, əksinə, bütün məsələlərdə açıq və prinsipial mövqe nümayiş etdirilir. Lakin bu günün reallığı göstərir ki, BMT-nin təsir gücü əvvəlki illərdə olduğu qədər effektiv deyil. Qətnamələrin qəbulu formal xarakter daşıyır, onların icrası çox zaman təmin olunmur. Azərbaycanın özü bunun acı nümunəsini yaşayıb: torpaqlarımız işğal altında olduğu illərdə BMT-nin Ermənistanın Azərbaycan torpaqlarını azad etməsi ilə bağlı qəbul etdiyi 4 qətnamə kağız üzərində qaldı. Heç bir beynəlxalq qüvvə bu qətnamələrin icrasını tələb etmədi. Sonda Azərbaycan öz gücü, ordusu və xalqının iradəsi ilə həmin qətnamələri reallığa çevirdi və beynəlxalq hüququ faktiki olaraq xilas etdi.
Bu təcrübə bir daha sübut edir ki, müasir dünyada güc kimin tərəfindədirsə, haqlı da odur. Təəssüf ki, beynəlxalq hüquq çox hallarda işlək mexanizm kimi çıxış etmir. Bütün bunlara baxmayaraq, Azərbaycan beynəlxalq hüquqa hörmət edən, ədalətli həll yollarının tərəfdarı olan bir dövlətdir”.
Xalidə Gəray
Musavat.com