AZ

Problemli kreditlərin həcmini necə azaltmaq olar?

2025-ci il avqustun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,0 faiz artaraq 30,257,9 milyon manata çatıb.

Ümumi kredit portfelinin 25413,3 milyon manatı və ya 84,0 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 94,2 faizi banklar, 5,8 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin həcmi isə il ərzində 16,7 faiz artaraq 529,4 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib. 

Problemli kreditlərin həcmini azaltmaq üçün hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a danışan iqtisadçı Akif Nəsirli qeyd edib ki, kredit bazarı genişlənməyə davam edir, amma problemli kreditlərin artım tempi (16,7 %) ümumi portfelin artım tempindən (11 %) yüksəkdir:

“Bu isə risklərin yavaş-yavaş yüksəldiyini göstərir. Bununla belə, ümumi portfeldə problemli kreditlərin payı hələ də aşağıdır (1,7 %), yəni maliyyə sabitliyi qorunur. Problemli kreditlərin (ödəmə vaxtı keçmiş borcların) artması həm bankların maliyyə dayanıqlığını, həm də iqtisadiyyata verilən kreditlərin həcmini risk altına sala bilər. Onların azaldılması üçün həm banklar, həm də dövlət səviyyəsində kompleks tədbirlər tələb olunur".

Onun sözlərinə görə, düzgün kreditləşmə siyasəti problemli kreditlərin qarşısını ala bilər:

"Birinci növbədə banklar kreditləşmədə risklərin düzgün qiymətləndirilməlidir. Müştərinin gəlir və xərclərini, kredit tarixçəsini, girov təminatını daha dəqiq analiz etmək lazımdır. Bununla yanaşi kredit monitorinqinin gücləndirilməsi vacibdir. Verilmiş kreditlərin aylıq izlənməsi, erkən xəbərdarlıq sistemlərinin tətbiqi gərəkir".

Akif Nəsirli vurğulayıb ki, süni intellekt, böyük verilənlər (“Big Data”) əsaslı sistemlər müştərinin ödəmə qabiliyyətini daha dəqiq proqnozlaşdırmağa imkan yaradar:

"Borcunu ödəməkdə çətinlik çəkən müştərilərə ödəniş qrafikinin dəyişdirilməsi, faizlərin bir hissəsinin müvəqqəti güzəştə gedilməsi üsulundan asılı stifadə edilə bilər.

“Big Data” və süni intellekt əsaslı alətlərlə müştərinin ödəmə qabiliyyətini daha dəqiq proqnozlaşdırmaq olar.

Xüsusilə istehlak və ipoteka kreditlərində risklərin bir hissəsini sığorta şirkətləri üzərinə götürə bilər. Yəni bu tip kreditlər sığortalanmalıdır.

Mərkəzi Bankın nəzarət və prudensial tələbləri ciddiləşməlidir. Bankların kredit portfeli üzrə risklərin müəyyən həddi keçməsinə icazə vekmək olmaz.

Azərbaycan Kredit Bürosu gücləndirilməlidir. Vətəndaş və şirkətlərin real kredit tarixçəsinin tam və şəffaf olması təmin edilməlidir". 

O bildirib ki, iqtisadi sabitliyin qorunması da borcların qaytarılmasına müsbət təsir göstərir:

"Nəzərə almaq lazımdır ki, iqtisadi sabitliyin qorunması - manatın məzənnəsi, inflyasiya və işsizliyin idarə olunması borcların qaytarılmasına müsbət təsir edir.

Problemli kreditlərin dövlət tərəfindən dəstəklənməsi proqramları tətbiq edilə bilər. Xüsusilə sosial həssas qruplar üçün müəyyən dövrlərdə borc yüklərinin yumşaldılması (məsələn, 2019-cu ildə Azərbaycanda tətbiq olunmuş kompensasiya mexanizmi kimi) müəyyən formada tətbiq edilə bilər.

Bank olmayan kredit təşkilatlarının (BOKT-ların) nəzarət edilməlidir. Yüksək faizli kreditlər verən qurumların fəaliyyətinə daha sərt nəzarət, şəffaflıq və məsuliyyətin artırılması vacib amillərdəndir".

O qeyd edib ki, düzgün kreditləşmə və erkən müdaxilə problemli kreditləri azaldar:

"Burada ən əsas məsələ düzgün kreditləşmə siyasəti, şəffaf maliyyə məlumatları və erkən müdaxilədir. Əgər banklar riskləri vaxtında görüb çevik tədbirlər görsələr, problemli kreditlərin portfeldə payı 1,7 %-dən də aşağı saxlanıla bilər".

Seçilən
10
cebheinfo.az

1Mənbələr