AZ

İngiltərə Serbiyanı darmadağın etdi, Albaniya 2-ci pilləni ələ keçirdi - icmal

K qrupundakı Serbiya – İngiltərə oyununu həqiqət anı kimi qiymətləndirmək olardı. Axı bu komandalar liderlik uğrunda mübarizə aparır. Ancaq gərgin rəqabət gözləyən azarkeşlərin ümidləri doğrulmadı: meydanda sanki yalnız bir komanda var idi.

Qonaqlar lap əvvəldən böyük üstünlüyə malik olsa da, Petroviçin qapısı önündə, demək olar ki, təhlükəli vəziyyətlər yaranmırdı. Serblərin qapıçısı Qordonun iki zərbəsinin öhdəsindən gəldi. Ancaq 33-cü dəqiqədə Keyn Raysın künc zərbəsindən asmasını başla tamamladı. Serblər özünə gəlməmiş növbəti dəfə mərkəzə dəfə olundular. Rocersin ötürməsindən sonra cərimə meydançasına daxil olan Madueke heç bir müqavimətlə üzləşmədən fərqi artırdı, həm də yığmada qol hesabını açdı.

Serblərin irəli xətdə oyunu heç cür alınmırdı. Yalnız hissənin sonunda Vlahoviç qeyri-dəqiq zərbə ilə yadda qaldı. 2-ci hissənin əvvəlində hesab arasındakı fərq darmadağın həddinə çatdı: adətən, inamlı oynayan Petroviç Qordonun zərbəsindən sonra topu önünə qaytardı, özünü yetirən Konsa qarşısıalınmaz zərbə vurdu. Bu qol əslində oyunun taleyini həll etdi. Amma bir qədər sonra serblər daha bir zərbə aldı. 72-ci dəqiqədə Milenkoviç qırmızı vərəqə hesabına Keynin təkbətək çıxmasının qarşısını aldı. Cəza bununla bitsəydi, dərdyarı!

Cərimə zərbəsini yerinə yetirən Rays topu qapıçı meydançasına ötürdü, hamını qabaqlayan Qehi komandasının 4-cü qolunu vurdu. Son dəqiqələrdə serblər yalnız müdafiə olunmaqla məşğul idi. Petroviç Reşfordla Raysın zərbələrindən sonra komandasını xilas etdi. Bununla belə, qonaqlar 5-ci qolu vurmaq inadından əl çəkmədi – Uotkinsə qarşı kobudluğa görə təyin olunan penaltini Reşford dəqiq yerinə yetirdi.

5 oyunun hamısında qələbə qazanan, qapısından top buraxmayan İngiltərə yığmasının bu qrupun qalibi olacağına kimsənin şübhəsi yoxdu. Serbiya isə bu qrupda yalnız 2-ci yer uğrunda mübarizə apara bilər. Həmin pilləyə evdə Latviyanın öhdəsindən gələn Albaniya yüksəldi. Bu oyunun taleyini Aslaninin 25-ci dəqiqədə penaltidən vurduğu qol həll etdi. Latviya 2-ci hissədə bir neçə qol imkanını əldən verdi. Qonaqlar korner sayında meydan sahiblərini iki dəfə üstələsələr də, qapıya zərbə vurmaqda çətinlik çəkirdilər.

K qrupu
6-cı tur
Serbiya – İngiltərə 0:5 (0:3)

Serbiya: Petroviç, Pavloviç, Milenkoviç, Erakoviç, Lukiç, Maksimoviç, Birmançeviç (Kostiç, 46), İliç (Samarciç, 61), Jivkoviç (Velkoviç, 76), Nedelkoviç (Yoviç, 46), Vlahoviç (A.Mitroviç, 70).
İngiltərə: Pikford, Livramento, Qehi, Konsa, Ceyms (Spens, 68), Rays (Henderson, 81), Anderson, Qordon (Reşford, 68), Rocers, Madueke (Uotkins, 76), Keyn (Bouen, 76).
Qollar: Keyn, 33 (0:1). Madueke, 35 (0:2). Konsa, 52 (0:3). Qehi, 75 (0:4). Reşford, 90-p. (0:5).
Vərəqələr: Lukiç, 30. Qordon, 40. Maksimoviç, 74 – sarı. Milenkoviç, 72 – qırmızı.
Hakim: Kleman Türpen (Fransa).
9 sentyabr. Belqrad. 39789 tamaşaçı.

Albaniya – Latviya 1:0 (1:0)
Albaniya: Strakoşa, Mitay, Cimsiti, Ayeti, Hüsay, Aslani, Şehu, Lyaçi (Payaziti, 83), Bayrami (Hoca, 67), Manay (Daku, 83), Broyya (Kumbulla, 90+1).
Latviya: Zviedris, Sıqanik, Balodis, Çernomordı, Melnik (Savelnieks, 46), Yurkovskis (Reqja, 88), Zelenkov, Vapne (Savelyev, 61), Varslavans, Daşkeviç (Qutkovski, 61), Şits (Melnis, 78).
Qol: Aslani, 25-p.
Vərəqələr: Şits, 15. Yurkovskis, 27. Çernomordı, 55 – sarı.
Hakim: Damian Silvestjak (Polşa).
9 sentyabr. Tirana. 16568 tamaşaçı.
1. İngiltərə 5 5 0 0 13-0 15
2. Albaniya 5 2 2 1 5-3 8
3. Serbiya 4 2 1 1 4-5 7
4. Latviya 5 1 1 3 2-6 4
5. Andorra 5 0 0 5 0-10 0
11 oktyabr: Latviya – Andorra, Serbiya - Albaniya.

Oyundan sonra
Tomas Tuxel, İngiltərə yığmasının baş məşqçisi:
“Mən axı sizə demişdim: gördüyümüz işə inanmaq lazımdı. Məşqlərdə, toplanışda gördüyümü, hiss etdiyimi sizə deyirəm – yalan danışmıram. Bütün bunları görməsəydim, sizə hazır olmadığımızı deyərdim. Futbolçuların həftə ərzində məşqdə gördüklərimi meydanda tətbiq etmələrinə görə şadam. Bu gün çətin şərtlər altında çətin rəqiblə oyunda inamlı qələbə qazandıq. Bu, komanda işi, komanda oyunu idi – bir-birimizə yardım etdik. Meydanda işlə bağlı heç bir neqativ an, heç bir məyusluq əlaməti yox idi. Yüksək oyun səviyyəsi fonunda haqq etdiyimiz qələbəni qazandıq”.
Seçilən
15
1
football-plus.az

2Mənbələr