AZ

“Rəşad Sadıqovun adını çəkirlər, mən də elə onu istəyərəm” - Aqil Abbas Santuş və Pantuş haqda danışdı

Ötən cümə Reykyavikdə qeydə alınan acı məğlubiyyət Azərbaycan futbolunda zəlzələ effekti verdi. Biz artıq belə zəlzələlərə öyrəncəliyik. Yer yerindən oynayırsa, deməli. kiminsə başı getməlidi.

Bu dəfə tektonik hərəkətlənmənin qurbanı Fernando Santuş oldu. Onun Ukrayna ilə oyunla bağlı fikirlərini öyrənmək üçün Mərdəkana yollanan jurnalistlər AFFA-nın baş katibi Cahangir Fərəcullayevin dilindən onun istefaya göndərildiyini eşitdi. Ukrayna ilə oyuna komandanı U-21-in baş məşqçisi Ayxan Abbasov çıxardı. Təbii ki, əsas yığma ilə bağlı suallar çoxdu. Biz isə millət vəkili, futbol həvəskarı Aqil Abbasla danışdıq:
“Milli komandadan nə deyim axı? Vəziyyət biabırçıdı. Bayaq verilişdə, deyəsən, Gündüz Abbaszadə idi – utandığından bilmirdi nə desin. Oyun intizamı, sistem deyə bir şey yoxdu. Hamı necə gəldi oynayır. Topu ələ keçirən kimi uzaqlaşdırırlar. Məşqçi işi görünmür. Bunlar nə məşq edirlər, bilinmir. Deyirlər Santuşu göndəriblər. Amma heç nə düzələn deyil. Yerinə Pantuşu gətirəcəklər. Yenə eyni vəziyyət, eyni nəticələr olacaq. Ukrayna ilə oyuna Ayxan Abbasov çıxaracaq komandanı. Elə Ayxanı baş məşqçi qoysalar, pis olmaz. Rəşad Sadıqovun adını çəkirlər, mən də elə onu istəyərəm. Oyun intizamı olar, yaxşı oyun görərik. Problem baş məşqçi ilə bağlı deyil. Elitanın vəziyyətinə baxın. 12 klub var, beşinin baş məşqçisi əcnəbidi. Komandalarımız yerli məşqçilərə güvənmir. Klublar yaxşı olmayandan sonra, millidən necə nəticə gözləyək? Legioner limiti də ləğv olunub. Hər komandada iki-üç yerli futbolçu oynayır. Yığmadakı futbolçuların bəziləri çempionatda şans qazana bilmir. Əslində legioner limitinin ləğvi bir tərəfdən də yaxşıdı ki, futbolçular legionerə baxıb oynayacaq, rəqabət aparacaq. Bu məqam onlar üçün motivasiya ola bilər. Həmçinin legioner həyatı da yaşaya bilərlər. Amma hazırkı vəziyyətdə nə deyim axı? Çox çətindi vəziyyət. Boş-boşuna havaya sovrulan pulları uşaq futboluna yatırmaq, akademiyalara pul xərcləmək lazımdı. Bunlar həll olunmadığı müddətdə nə nəticə gözləmək olar ki…”
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
15
1
football-plus.az

2Mənbələr