AZ

Xorxe Kaskilya: “Buna klub işçiləri cavab versə, daha uyğun olar”

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 4-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, əyalət təmsilçisi bu gün Qubada “Sumqayıt”ı qəbul edib.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xorxe Kaskilya oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sizi bir qədər gözlətdiyimə görə hər birimizdən üzr istəyirəm. Paltardəyişmə otağında müzakirə uzandığı üçün bir qədər yubandım.

Çətin və bərabər oyun alındı. Düzgün oynamağa çalışdıq. İkinci hissədə qələbə topunu vura bildik. “Sumqayıt”ın hücum xətti çox güclüdür. Çalışdıq ki, onlara epizod verməyək”.

Xorxe Kaskilya buraxdıqları səhv nəticəsində texniki məğlubiyyət alacaqlarından da söz açıb:

“Sadəcə, düşüncəsizliyimizin güdazına getdik. Şəraitdən narazı olmağımla bağlı suala gəlincə, mən meydanda olanlarla, hər şeyə rəğmən, komandamın 7 xal qazanması barədə ürəklə danışa bilərəm. Qalan suallara klub işçiləri cavab versə, daha uyğun olar.

Peşəkaram, futbolçularım da həmçinin. Növbəti oyunlara köklənəcək və heç nə olmamış kimi yolumuza davam edəcəyik”.

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç də matçdan sonra fikirlərini paylaşıb:

“Meydança çox pis vəziyyətdəydi. Bu da bizim üçün problemlər yaratdı. Bəzi səhvlərimiz oldu və qol buraxdıq. Bizim daha yaxşı komandamız var. Sadəcə, bəxtimiz də gətirmədi. Belə meydançada oynamaq çox çətindir. Problemli meydançadır. Əslində, belə meydançada oynamaqdansa, süni örtüklü meydanda oynamaq daha yaxşıdır. Amma buna mən yox, federasiya qərar verir. Gözəl kompleksdir. Amma meydançanın pis durumda olması, hər şeyi alt-üst edir.

Rəqibə texniki məğlubiyyət veriləcəyinə dair rəsmi məlumat yoxdur. Nəsə demək olmaz.

Mehdi Cənnətovun səhvi? Mehdi çox təcrübəli qapıçıdır. Bu klubda da bir neçə mövsüm oynayıb. Futboldur da, səhvlər olur.

Növbəti matçımız evdə “Neftçi”yə qarşı olacaq. “Neftçi” Azərbaycanın böyük klublarından biridir. Oyuna maksimum hazırlaşacağıq. Xüsusi prinsipiallıq yoxdur”.

error: Məzmun qorunur!
Seçilən
104
arena.az

1Mənbələr