AZ

Qida allergiyası genetik ola bilərmi? ARAŞDIRMA

Qida allergiyası, müəyyən qidaların qəbuluna və ya onlara məruz qalmasına anormal immunoloji reaksiyalardan qaynaqlanır.

E-saglam.az News medical-a istinadən xəbər verir ki, qida allergiyaları geniş şəkildə immunoglobulin (Ig) E vasitəçiliyi ilə və ya IgE vasitəçiliyi olmayan reaksiyalar kimi təsnif edilir. IgE vasitəçiliyi ilə baş verən allergiyalar adətən daha sürətli başlayır və qidanın qəbulundan bir neçə dəqiqə sonra özünü göstərir. Qida allergiyası qida dözümsüzlüyündən fərqlidir. Çünki dözümsüzlük, müəyyən qidaların həzm edilməsində çətinlik nəticəsində yaranır və bağırsaqda xoşagəlməz reaksiyalarla müşayiət olunur.

Ən çox yayılmış qida allergiyaları inək südü, yumurta, balıq, qabıqlı dəniz məhsulları, fıstıq, qoz-fındıq, soya və buğda zülallarına qarşı yaranır. Süd allergiyası bəzi hallarda uşaqlıqdan sonra keçə bilər, lakin fıstıq və qabıqlı dəniz məhsullarına qarşı allergiya adətən ömür boyu davam edir. Bu səbəbdən həmin allergiyaya malik şəxslər həyati təhlükəli reaksiyaların qarşısını almaq üçün ciddi tədbirlər görməlidirlər.

Son 30 ildə qida allergiyalarının artmasının səbəbləri dəqiq bilinməsə də, müxtəlif nəzəriyyələr mövcuddur. Bunlar arasında gigiyena nəzəriyyəsi, pəhrizdə antioksidant və yağların dəyişməsi kimi amillər xüsusi vurğulanır. Qida allergiyasının inkişafında həm genetik meyllilik, həm də ətraf mühit amilləri mühüm rol oynayır.

Qida alergiyalarında genetika və ailə faktorlarına nəzər salsaq görərik ki, ailədə allergiya halları müşahidə olunursa, uşaqlarda da qida allergiyasının inkişaf riski artır. Yəni, valideynlərdə eyni allergiya varsa, övladlarda bu xəstəliyin yaranma ehtimalı daha yüksək olur.

Sicherer və həmkarlarının apardığı kiçik əkiz araşdırmasında, fıstıq allergiyası olan eyni əkizlərdə uyğunluq nisbəti təxminən 65% təşkil etmişdir. Halbuki dizigotik (qeyri-eyni) əkizlərdə bu göstərici 10%-dən az olmuşdur. Bu nəticələr qida allergiyasının irsilik meylini, həmçinin allergik rinit, atopik dermatit və astma kimi digər allergik xəstəliklərlə oxşarlığını təsdiqləyir.

Wang və digərlərinin Çikaqoda apardığı araşdırmada uşaqların əksəriyyətində bir növ qida allergiyası aşkar edilmişdir. Onlar fıstıq allergiyası ilə əlaqəli genləri müəyyən etmiş və həmin genlərin yerləşdiyi müəyyən xromosom bölgələrinin allergiya üçün risk faktoru olduğunu göstərmişlər. Daha sonra ABŞ və Almaniyada keçirilən genişmiqyaslı genetik assosiasiya araşdırmasında qida allergiyası olan 1500 uşaqda 5 milyondan çox genetik variasiya öyrənilmiş, nəticədə allergiya riskini artıran beş genetik lokus müəyyən edilmişdir. Onlardan dördü digər allergik xəstəliklərlə də əlaqəli idi.

Qida allergiyasının genetik komponenti mövcuddur, lakin allergiyaya həssaslıq yalnız genetik faktorlarla izah olunmur. Ətraf mühit amilləri də prosesə mühüm təsir göstərir. Ailələrdə müşahidə olunan allergiyalar həm də ortaq yaşam mühiti və vərdişlərin rolunu əks etdirə bilər.

Genetika və qida allergiyası arasındakı əlaqə barədə araşdırmalar davam edir. Müasir elmi məlumatlar gələcəkdə bu mövzuya daha çox aydınlıq gətirəcək və həmçinin qida allergiyalarının qarşısının alınması və idarə olunmasında yeni yanaşmalara yol aça bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
7
e-saglam.az

1Mənbələr