Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli aqrar sektordakı mövcud vəziyyəti şərh edərkən bildirib ki, uzun illərdir Azərbaycanda təsərrüfatsızlıq hökm sürür. Onun sözlərinə görə, kənd təsərrüfatında məhsul istehsalı azalır, məhsuldarlıq aşağı düşür, məhsulun maya dəyəri isə getdikcə artır.
Ekspert deyib ki, bu səbəbdən yeyinti məhsullarının qiymətləri davamlı olaraq bahalaşır: “Son illər yüksək kalorili məhsulların qiymətləri iki dəfədən çox artıb. Heyvandarlıq məhsulları o qədər bahalaşıb ki, artıq ət və süd məhsulları geniş əhali üçün əlçatan deyil”.
V. Məhərrəmli müqayisə də aparıb: “Qazaxıstanda sümüklü mal ətinin qiyməti bizim pulla 8 manat 30 qəpik olduğu halda, Azərbaycanda 17 manata satılır. Yəni Qazaxıstanda mal əti Azərbaycandakından iki dəfə ucuzdur. Orada vətəndaş aylıq əməkhaqqına azərbaycanlıdan üç dəfə çox ət ala bilir. Azərbaycanda əməkhaqqı aşağıdır, amma yeyinti məhsullarının qiymətləri çox yüksəkdir”.
Ekspert vurğulayıb ki, yaxın perspektivdə də qiymətlərin ucuzlaşması gözlənilmir:
“Təəssüf ki, heyvandarlıq məhsullarının bahalaşması davam edəcək..."
Ekspert qeyd edib ki, kənd təsərrüfatında idarəetmə qeyri-peşəkarların əlində olduğundan sahə bərbad hala salınıb.
Vahid Məhərrəmli kənd təsərrüfatı naziri Məcnun Məmmədovun açıqlamalarına da münasibət bildirib.
O xatırladıb ki, nazir aqrar sahədə vəziyyətin çox yaxşı olduğunu deyib və sistemli islahatların həyata keçirildiyini vurğulayıb: “Deyilir ki, son illər sistemli islahatlar aparılıb və nəticədə kənd təsərrüfatında dayanıqlı, rəqabətədavamlı inkişaf baş verib. Ancaq necə olub ki, bizim xəbərimiz olmayıb? Mən deyə bilərəm ki, işi bacarmasalar da, gözə kül üfürməyi çox yaxşı bacarırlar”.
Ekspert əlavə edib ki, yalnız heyvandarlıq məhsulları deyil, son günlər kartof, badımcan, lobya, bibər, pomidor, xiyar və digər tərəvəzlərin, həmçinin fındıq və badamın qiymətlərində də artım müşahidə olunur. Onun sözlərinə görə, meyvələrin qiymətində də ciddi bahalaşma var. \\AzPolitika.info