Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin ailəsi Koi-Taş kəndindəki evindən zorla çıxarılır.
Publika.az xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının qızı Aliyə Şaqiyeva "Instagram" sosial şəbəkəsində məlumat verib.
"Bir neçə onlarla adam gəldi, bəziləri polis geyimində, bəziləri mülki geyimdə və zor tətbiq edərək qapını açdılar. Heç bir sənəd göstərmədilər", - o deyib.
Şaqiyevanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun köməkçisini vurub, sonra isə onu polis bölməsinə aparıblar. Atambayevin partiya yoldaşı Kadır Ermek də saxlanılıb.
Qırğızıstanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Agentliyi dəqiqləşdirib ki, respublikanın keçmiş prezidentinin evi dövlət torpaq sahəsində tikildiyi üçün dövlət mülkiyyətinə keçir. Agentliyin məlumatına görə, torpaq qanunsuz olaraq Atambayevin mülkiyyəti kimi qeydə alınıb. Torpaq sahəsində qocalar evinin tikilməsi nəzərdə tutulub.