BAKI, 13 sentyabr. TELEQRAF
Bir neçə gün öncə Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə bəyanatı yayınlandı.
Bəyanatda bəzi təşkilatların qanunazidd olaraq “orden” və “medal” təsis etmələri qınanıldı və bunun hüquqi məsuliyyət yaratdığı bildirildi.
Orden və medalların ancaq vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifi olduğu ifadə edildi.
Şübhəsiz ki, ictimai və yaradıcı fəaliyyətlə məşğul olan bir çox insanın başına gəlib. Hansısa tanınmayan bir təşkilat şəxsə zəng edir, onun filan mükafat və ya medalla təltif olunduğunu deyir, ancaq bunun üçün müəyyən ödənişin gərəkdiyini bildirir.
Şəxsiyyətinə və yaradıcılığına hörmət edən peşəkarlar bunu özlərinə sığışdırmır, özündən aşağıda olanların onu mükafatlandırmasını qəbul etmirlər. Amma bəzi şəxslər ictimai nüfuzunun artacağını, CV-nə əhəmiyyət qatacağını düşünərək könüllü olaraq razılaşır, nəticədə mükafat paylayanlar maddi baxımdan qazanmış, alan tərəf isə eqosunu oxşamış olur.
Bu cür mükafatların ya dəbdəbəli adı var, ya da ki Azərbaycanın tarixi şəxsiyyətlərinin isimlərindən və ya təsvirlərindən yararlanılıb. “Mükafatçı” tərəf toruna saldığı adamın müxtəlif sosial statuslarını nəzərə alaraq təxmini bu şəkildə təltiflər istehsal edir: “Qızıl dəbilqə”, “Mehriban ana”, “İlin jurnalisti” və s.
Sosial media bu cür təltiflərlə aşıb-daşır, nəticədə dövlət tərəfindən Vətənə və millətə həqiqi xidmətlərinə görə təltif edilənlərə də ictimaiyyət eyni gözlə baxır.
Təşkilatların özlərində tarixi simaların adından istifadə etmək haqqını görmələri özü də bir saxta eqo göstəricisidir.
Məsələn, kiminsə Əhməd bəy Ağaoğlunun adına medal təsis etməsi nə cür mümkün ola bilər? Heç bir təşkilatın buna nə mənəvi haqqı çatır, nə də hüquq buna imkan verir. Amma bu cür “medallar”ın iki üzü olur. QHT toplumun rəğbəti olan şəxslər üzərindən öz reklamını aparır, qarşı tərəf də müxtəlif hədəflərinin həyata keçirilməsində qalxan kimi istifadə edir.
Vətən müharibəsindən sonra bu kimi hallar daha da çoxalıb. Şəhid ailələri üzərindən özlərinin reklamını aparanlar da var, bundan maddi mənfəətləri üçün istifadə edənlər də. Nəticədə bir zamanlar dəmir bazarlarında kilo ilə satılan sovet qəpikləri kimi hər tərəfi “medal”larla təmin ediblər.
Ona görə də bəyanatın medal tacirlərinin bu fəaliyyətlərinə son vermələrinə səbəb olacağına inanırıq. Əks halda bu təşkilatlar qanunamüvafiq şəkildə gərəkli maddələrlə təltif ediləcəklər.
Medalın digər üzündə məcburi köçkünlərlə bağlı süni yaradılan polemikalardır. Vətən savaşı başlamadan öncə başlanan bu qarayaxmalar zəfərimizin 5-ci ildönümündə də davam edir. Savaşdan öncə “ağıllı”sı ordumuzun gücünün olmamasından bəhs edirdisə, indi onun əksi keçmiş məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıtmaq istəməmələrini iddia edir.
Bunun səbəbi bəsitdir. Son beş ildə dövlət və millət olaraq o qədər ittihamları puça çıxartdıq ki... “Qarabağ Rusiyaya verilib”, “Xankəndi, Xocalı həmişəlik ermənidə qalacaq”, “rus qoşunları əbədi məskən salacaq” və sair. Bütün bu iddialar boşa çıxdıqdan sonra, indi də köçkünlər üzərindən sistemli oyun aparılır.
Məqsədlərinə çatacaqlarmı? Xeyr.
Öncəkilər necə oldularsa, bu provakasiya da o şəkildə yekunlaşacaq.