AZ

Yağ, ey yağış!..

Artıq fəsillərin gözəli qızıl payızın astanasındayıq. Gəlişini təbiətin üzərinə nur pərdəsi kimi enən yağışla xəbər verir. Bu yağış həm torpağı isladır, həm də ruhumuzu təmizləyir, içimizdəki köhnə izləri yuyur, yeni duyğular üçün yol açır. Təbiətin şıltaqlığı isə bu sehrin ayrılmaz parçasıdır.

Dünən parlaq günün altında nazik köynəkdə gəzdiyimiz küçələr bu gün əynimizdəki gödəkçələrə şahidlik edir. Təbiətin əsrarəngiz gücü məhz bu dəyişkənliyindədir. Onunla mübarizə aparmaq mümkün deyil, çünki təbiət öz qanunları ilə yaşayır, nizamını özü qurur. Bizim işimiz isə bu möcüzəni sevmək, duymaq, qəbul etməkdir.

Payız yağışı həyat rəmzidir. O, torpağa nəfəs, ağaca güc, çiçəyə can verir. Sanki göydən süzülən hər damla insana bir ümid, bir sevinc, bir ruh təzəliyi bəxş edir.

Payız yağışı təbiətin musiqisidir, küləyin müşayiəti ilə yarpaqların xışıltısı, buludların naləsi ilə birləşən möhtəşəm ahəngdir. İnsan bu səsin içində həm tənhalığını, həm də ümidini tapır.

Yağış dayananda sükut başlayır, lakin o damlaların izi torpaqda, ürəklərdə yaşayır. Hər kəs bilir ki, payızın göz yaşları yazın təbəssümünə aparan yolun başlanğıcıdır.

Ona görə də payız yağışı təkcə təbiətin yox, həm də insan qəlbinin fəlsəfəsidir - köhnəni yuyub aparır, yeniyə yol açır. Şair gözəl deyib:

Damcı-damcı süzülür,
Göy üzü könül açır.
Hər damlada bir nəfəs,
Torpağa həyat saçır.

Samir ƏSƏDLİ

Seçilən
18
1
xalqqazeti.az

2Mənbələr