Azərbaycanın sərbəst güləşçiləri dünən Xorvatiyanın paytaxtı Zaqreb şəhərində start götürən dünya çempionatında mübarizəyə başlayıb.
61 kiloqram çəkidəki pəhləvanımız Nürəddin Novruzov 1/8 finalda iranlı Ahmad Mohammadnejadcavana 2:5 hesabıyla məğlub olub. Kənan Heybətov (70 kq) iranlı, dünya çempionatının ikiqat gümüş medalçısı Amirmohammad Yazdaniçeratiyə (15:4) və Baham adaları təmsilçisi Şannon Hannaya (10:0) tam üstünlüklə qalib gəlsə də 1/4 finalda ermənistanlı Avropa çempionu Arman Andreasyana 6:8 hesabıyla məğlub olub.
86 kiloqramda təmsilçimiz Arseniy Djioyev Puerto-Riko idmançısı Ethan Ramosa 5:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda yaponiyalı Hayato İşiquroya 8:13 hesabıyla məğlub olub. 125 kiloqramdakı təmsilçimiz Giorgi Meşvildişvili isə özbəkistanlı Xasanboy Raximova və macarıstanlı Vladislav Baytsayevə eyni hesabla (7:0) qalib gələrək karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib. Giorgi axşam saatlarında yarımfinalda polşalı Robert Baranla qarşılaşıb.
Qabil YUSİFOĞLU
XQ