AZ

Şamaxıda növbəti Üzüm və Şərab Festivalının açılışı olub

 

Senzor.az bildirir ki, festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər şəxslər iştirak ediblər.

 

Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, üzümçülük və şərabçılığın Azərbaycanda, eləcə də Cənubi Qafqazda çox qədim tarixi var. Belə festivallar ənənələri yaşatmaqla yanaşı, ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına da təkan verir...

 

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, vaxtilə yalnız aqrar region kimi tanınan Şamaxı bu gün həm aqroturizm, həm də turizmin digər bütün istiqamətlərində inkişaf edir: “Rayonumuzda aparılan çox böyük quruculuq işlərinə, həmçinin inkişafa görə Prezidentimizə bütün əhalimiz adından dərin minnətdarlığımızı bildirirəm. Şamaxının poeziyasının, musiqisinin, xalçaçılığının, qədim tarixi abidələrinin turistlərə yüksək səviyyədə təqdim olunması üçün belə festivallar çox önəmlidir. Biz qarşıdakı illərdə də yeni layihələrlə sizin qarşınıza çıxacağıq”.

 

Üzüm və Şərab Festivalı maraqlı-əyləncəli proqramla davam edir. Festivalın birinci günü xüsusi hazırlanmış şou ilə başlayıb.

 

Qeyd edək ki, festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. Builki festivalın proqramına da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər daxildir.

 

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda müxtəlif şərab brendləri iştirak edir.

 

Burada yerli və xarici istehsalçıların nümayiş etdirdikləri müxtəlif çeşidli şərab məhsullarının dequstasiyaları təşkil edilir, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak etmək, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanırlar.

 

Həmçinin festival ərazisində sərgi və məşhur restoranların pavilyonları quraşdırılıb. Ziyarətçilər üçün rəssamların üzümçülük mövzusunda əsərləri sərgilənir.

 

Festival ərazisində tələbələr tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin süni intellektlə bağlı təqdimatı olub.

 

Sentyabrın 14-ü də festivalın musiqi proqramı rəngarənglik vəd edir. 

 

Ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanmaqla yanaşı, müxtəlif oyunlara da qatıla biləcəklər.

 

Artıq dördüncü dəfədir keçirilən Üzüm və Şərab Festivalı şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.



























Seçilən
20
16
senzor.az

10Mənbələr