AZ

Alimlər Yerə ən yaxın sivilizasiyanın məsafəsini açıqlayıblar

Mütəxəssislərə görə, Saman Yolu qalaktikasında texnoloji sivilizasiya Yer kürəsindən 33 min işıq ili uzaqda ola bilər...

Poliqon Europlanet portalına istinadən xəbər verir ki, Avstriya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun alimləri Manüel Şerf və Helmut Lammer bu barədə Avropa Planetologiya Cəmiyyəti və Amerika Planet Elmləri Assosiasiyasının Helsinkidə keçirilən birgə konfransında (EPSC–DPS 2025) çıxış ediblər. Onların hesablamalarına görə, Yerə ən yaxın texnoloji cəhətdən inkişaf etmiş sivilizasiya təxminən 33 min işıq ili uzaqda yerləşə bilər. Həmçinin belə bir sivilizasiyanın insanlıqla eyni vaxtda mövcud ola bilməsi üçün insanın ən azı 280 min il, əslində isə milyon illərlə yaşaması tələb olunur.

Tədqiqatçılar bildiriblər ki, əsas amil mürəkkəb həyatın yaranması və sabitliyini təmin edən planetar şəraitdir. Belə planetin mütləq plitə tektonikasına malik olması vacibdir, çünki bu mexanizm atmosferdəki karbon qazının miqdarını tənzimləyir. Həmçinin oksigen və azotla zəngin atmosferin olması həyati əhəmiyyət daşıyır. Əks halda biosfer zamanla dağılır və nəticədə texnoloji sivilizasiya formalaşa bilmir.

Alimlər qeyd ediblər ki, atmosferdə təxminən 10% karbon qazı olduqda biosferi 4,2 milyard il ərzində dəstəkləmək mümkün ola bilər. Ancaq texnoloji inkişaf üçün bu kifayət etmir. Bunun üçün atmosferdə ən azı 18% oksigenin olması lazımdır. Bu göstərici olmadan nə iri canlıların mövcudluğu, nə də metallurgiyanın əsasını təşkil edən açıq alov mümkün deyil.

Yer kürəsində biosferin mövcudluq müddəti ilə təkamülün sürətini müqayisə edən tədqiqatçılar belə nəticəyə gəliblər ki, paralel şəkildə yalnız bir sivilizasiyanın yaranması üçün belə həmin növ ən azı 280 min il yaşamalıdır. Əgər eyni vaxtda on sivilizasiya mövcud olsaydı, onların hər birinin orta ömür müddəti 10 milyon ildən çox olmalı idi.

Qalaktikamızda yad sivilizasiyaların mövcudluq ehtimalı çox azdır və bu, birbaşa onların nə qədər uzunömürlü olmasından asılıdır”, – deyə Manüel Şerf vurğulayıb.

Bununla belə, alim axtarışların dayandırılmamasını tövsiyə edib: “Şanslar az olsa belə, həqiqəti öyrənməyin yeganə yolu axtarışları davam etdirməkdir. Əgər heç nə tapmasaq, bu, hesablamalarımızı təsdiqləyəcək, tapdığımız halda isə bu, elm tarixində ən böyük kəşflərdən biri olacaq”.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr