AZ

WSJ: Tramp hakimiyyətə gəldikdən sonra Rusiya Ukraynaya hücumları intensivləşdirib

BAKI, 14 sentyabr. TELEQRAF

Rusiya ABŞ prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra Ukraynaya hücumlarını əhəmiyyətli dərəcədə gücləndirib. Moskva Vaşinqtonun sülh çağırışlarını nəzərə almır.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.

Nəşrin qeyd etdiyinə görə, zərbələrin intensivləşməsi Rusiyada sursat istehsalının artması və prezident Vladimir Putinin Ukraynanı hərbi vasitələrlə ram etmək niyyəti ilə bağlıdır.

Məqalədə vurğulanır ki, ən şiddətli bombardmanlar bu yay həyata keçirilib. Hücumlar zamanı yüzlərlə pilotsuz aparat eyni vaxtda havaya qaldırılıb, bəziləri hədəfin ətrafında dövrə vuraraq müdafiəni çaşdırıb, saxta hədəflər isə Ukrayna HHM sistemini məşğul edib.

Jurnalistlər bildirirlər ki, Rusiya çox vaxt ABŞ, Ukrayna və Rusiya rəsmiləri arasında danışıqlardan və ya telefon zənglərindən sonra hücumları intensivləşdirib.

Məlumata əsasən, iyulun əvvəlində Tramp və Putin arasında telefon danışığından sonra Rusiya ən böyük birgə hücumu reallaşdırıb (728 dron və 13 raket atılıb). Bir neçə gün sonra Alyaskada Tramp və Putinin görüşündən sonra isə Kiyevə endirilən zərbə paytaxt üçün ən dağıdıcı hücum olub: 18 nəfər həlak olub, Britaniya Şurası və Aİ nümayəndəliyinin ofislərinə ziyan dəyib.

Müharibə ərzində Rusiya dəfələrlə Ukraynanın enerji infrastrukturunu hədəf alıb. Bu zərbələr mart danışıqlarından sonra azalmışdı: həmin vaxt Ukrayna Rusiyanın neft infrastrukturuna hücumları dayandırmağa, Moskva isə enerji obyektlərinə zərbələri azaltmağa razılaşmışdı. Lakin yayda hücumların bərpası bu nadir nailiyyəti də puç edib.

Oslo Universitetinin raket üzrə eksperti Fabian Hoffman qeyd edib ki, Rusiya Ukraynaya və Qərbə bu müharibəni daha da gərginləşdirmək imkanına sahib olduğunu göstərmək istəyir.

Ekspertlərin fikrincə, bu hücumların əsasında Rusiyanın artan dron istehsalı dayanır, artıq Moskva İrandan asılı deyil. İnformasiya Davamlılığı Mərkəzinin məlumatına görə, təkcə iyul ayında Ukraynaya təxminən 6300 dron buraxılıb. (Müqayisə üçün: 2024-cü ilin iyulunda bu rəqəm cəmi 426 idi).

WSJ yazır ki, Trampın prezidentliyə başlamasından bəri Ukraynanın dinc əhalisi üç ən dağıdıcı bombardmanı yaşayıb. Bu barədə məlumat "Armed Conflict Location and Event Data" adlı ABŞ qeyri-kommersiya monitorinq xidməti tərəfindən təsdiqlənib.

Seçilən
13
teleqraf.com

1Mənbələr