AZ

BMT Fələstin məsələsində iki dövlətli həllin vacibliyini vurğulayan qərar qəbul edib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Birləşmiş Millətlər Təşkilatı İsrail-Fələstin münaqişəsində iki dövlətli həllin vacibliyini vurğulayan qərar qəbul edib.

TurkicWorld xəbər verir ki, ABŞ, Argentina və Macarıstan bu qərara veto qoyan ölkələr arasında yer alırlar.

Baş Assambleya əvvəlki gün keçirilən səsvermədə Fələstin Probleminin Sülh Yolu ilə Həlli və İki Dövlətli Həllin Tətbiqinə dair Nyu-York Bəyannaməsini 142 ölkənin dəstəyi ilə qəbul edib. Cəmi 10 ölkə sənədin əleyhinə çıxıb. Ekspertlər bildirirlər ki, bu qərar sentyabrın 22-də keçiriləcək BMT sammitində Fələstinin daha geniş tanınmasının yolunu açır. Fransa, Böyük Britaniya, Avstraliya, Belçika, Kanada, Portuqaliya və Malta artıq həmin sammitdə Fələstin dövlətini tanıyacaqlarını bəyan ediblər.

İsrail qərara sərt reaksiya göstərib. Xarici İşlər Nazirliyi qəbul edilmiş qətnaməni “utanc” adlandırıb. Nazirliyin sözçüsü Oren Marmorştayn İsrailin sənədi tamamilə rədd etdiyini və BMT Baş Assambleyasını “reallıqdan uzaq siyasi sirk” kimi qiymətləndirdiyini bildirib. İsrailin BMT-dəki nümayəndəsi Denni Danon isə bu bəyanatın sülhə doğru addım olmayacağını vurğulayıb. ABŞ nümayəndəsi Morqan Ortaqus da qərarı “HƏMAS üçün açıq hədiyyə” kimi dəyərləndirib. Halbuki Fransa və Səudiyyə Ərəbistanı tərəfindən təqdim edilən Nyu-York Bəyannaməsi HƏMAS-ın daxil olmadığı bir Fələstin dövlətinin tanınmasını və münaqişənin sülh yolu ilə həllini nəzərdə tutur. Həmçinin 142 ölkə HƏMAS-ı bütün girovları azad etməyə çağıran və təşkilatın 7 oktyabr 2023-cü il hücumunu pisləyən bəyanatı da dəstəkləyib.

Qərara İsrailin daxili müxalifəti də etiraz edib. Əsas müxalifət lideri Yair Lapid hökuməti ölkəni beynəlxalq təcrid vəziyyətinə salmaqda ittiham edib.

“İsrail beynəlxalq əlaqələrdə siyasi böhran yaşayır və tarixi boykotun mərkəzindədir. 7 oktyabr hökuməti böhranın dərinliyini anlamadan və əks-strategiya hazırlamadan bizi beynəlxalq təcridə sürükləyir”, – deyə Lapid bildirib.

Fələstin Administrasiyası rəhbərinin müavini Hüseyn əş-Şeyx isə səsverməni alqışlayıb.

Səsvermənin nəticələrinə nəzər saldıqda digər Qərb ölkələrinin əksəriyyətlə sənədi dəstəklədiyi görünür. Çexiya, Albaniya və Şimali Makedoniya bitərəf qalıb. İsrail, ABŞ və Macarıstandan əlavə, sənədə qarşı çıxan ölkələr Argentina, Paraqvay, Mikroneziya, Nauru, Palau, Papua Yeni Qvineya və Tonqa olub. İran və İraq nümayəndələri isə səsvermədə iştirak etməyiblər.

Seçilən
34
turkic.world

1Mənbələr