AZ

“Qabal İnkişaf Mərkəzi”ndə Azərbaycanda Bilik Gününə həsr olunmuş tədbir keçirilib

Yazını böyüt
Yazını kiçilt

Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstanda fəaliyyət göstərən “Qabal İnkişaf Mərkəzi”ndə məktəb şagirdləri və gənclərin iştirakı ilə 15 Sentyabr - Azərbaycanda Bilik Gününə həsr olunmuş tədbir keçirilib.

Mərkəzin rəhbəri Yavər Məmmədov çıxışında bildirib ki, ümumi təhsil haqqında qanuna əsasən, Gürcüstanın bütün dövlət məktəblərində tədris ili sentyabrın 15-də başlayır.

O, çıxışında müstəqil Azərbaycanın taleyinin etibarlı əllərdə olduğunu və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin dünya dövlətləri sırasında layiqincə təmsil olunduğunu, beynəlxalq aləmdə nüfuzunun artdığını, davamlı inkişafın, sabitliyin təmin edildiyini vurğulayıb. Bildirib ki, xaricdə yaşayan soydaşlarımıza qayğı və diqqət göstərilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edilib ki, 44 günlük hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız siyasi baxışından, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirdi. Milli birliyimiz cəbhədə Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi və beləliklə, Azərbaycan xalqı və dövləti ilə bərabər Gürcüstandakı soydaşlarımız da yeni bir mərhələyə qədəm qoydu.

“Gürcüstanda yaşayan soydaşlarımız da dövlətçiliyə sadiq, zəhmətkeş və vətənpərvərdirlər. İnanıram ki, “Qabal İnkişaf Mərkəzi” də Gürcüstan azərbaycanlılarının inteqrasiyası sahəsində böyük nəticə əldə edəcək”, - deyə Y.Məmmədov vurğulayıb.

Bildirilib ki, Gürcüstanda məktəblərin optimallaşması ilə bağlı xeyli işlər görülüb. Bu gün heç bir azərbaycanlı təhsildən kənarda qalmayıb. Ən ucqar kənddə yaşayanlara dövlət avtobus verir. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün işlər görülür. Müəllimlərin əmək haqqı artırılır. Müəllim kadrlarının hazırlığı ilə bağlı Təhsil Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Komitənin layihələri çərçivəsində Mərkəzdə Azərbaycan və gürcü dillərinin tədrisi, həftəsonu məktəblərinin açılması da soydaşlarımıza ana dilini, milli kimliyi öyrətmək, milli şüurlu insan kapitalı formalaşdırmaqdır.

Y.Məmmədov deyib ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilən V Qurultayındakı tarixi çıxışında xaricdəki yeni nəsil soydaşlarımıza yönəlik vacib tövsiyələr vardır. Prezident açılış nitqində deyib: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.

Tədbirdə çıxış edənlər Azərbaycan və gürcü xalqlarının tarixi dostluq münasibətlərindən söhbət açıb. “Qabal İnkişaf Mərkəzi”nin fəaliyyəti dövründə yerli azərbaycanlı icmasının gürcü ictimaiyyətinə inteqrasiyasında mühüm rol oynadığını qeyd ediblər.

Tədbirdə müdavimlər Azərbaycan və gürcü dillərində şerlər söyləyib, səhnəciklər göstəriblər.

Sonda “Qabal İnkişaf Mərkəzi” tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Seçilən
44
2
hafta.az

3Mənbələr