AZ

Təyyarədən daha sürətli “qatar” yaxın gələcəkdə reallığa çevrilə bilər

Hyperloop texnologiyası uğurla sınaqdan keçirilib...

Poliqon xəbər verir ki, Niderland mühəndisləri borular vasitəsilə səsdən sürətli hərəkəti nəzərdə tutan Hyperloop layihəsinin inkişafında mühüm addım atıblar. Vendam şəhərindəki Avropa Hyperloop Mərkəzində keçirilən sınaqlarda test kapsulu 85 km/saat sürətə çatıb və ilk dəfə olaraq yol dəyişmə əməliyyatını uğurla icra edib. Bu nailiyyət texnologiyanın daha da inkişafı üçün həlledici mərhələ kimi qiymətləndirilir.

Hardt Hyperloop startapının həmtəsisçisi Tim Xauterin sözlərinə görə, cəmi bir il əvvəl sınaqlarda maksimal sürət təxminən 30 km/saat idi. İndi isə texnologiyanın gələcəkdə daha uzun boru seqmentlərində 700 km/saat sürətə qədər çatacağı gözlənilir. Bu, Berlin–Münhen marşrutunu adi sərnişin təyyarəsi ilə 1 saat 15 dəqiqəyə qət etmək əvəzinə, Hyperloop ilə təxminən 45 dəqiqəyə mümkün edəcək.

Hyperloop texnologiyası sadə prinsip üzərində işləyir: kapsullar demək olar ki, tam vakuumda yerləşən boruların içində sürüşərək hərəkət edir. Burada nə hava müqaviməti, nə də sürtünmə əhəmiyyətli dərəcədə təsir göstərir. Kapsullar elektromaqnitli mühərriklə hərəkətə gətirilir. Bu, nəinki çox sürətli, həm də səssiz, enerji qənaətli və ekoloji cəhətdən təmiz nəqliyyat növüdür.

“Bizim məqsədimiz qısa məsafəli aviareysləri artıq etməz hala gətirməkdir”, deyə Xauter bildirib. Onun fikrincə, Hyperloop-un ən böyük potensialı Avropada özünü göstərəcək: bir neçə yüz kilometrlik məsafələr, sıx məskunlaşmış ərazilər və böyük hava limanları bu texnologiyanın ən əlverişli tətbiq sahələri hesab olunur. Bununla belə, texnologiyanın mürəkkəbliyi, yüksək maliyyə xərcləri və sıx məskunlaşmış ərazilərdə tikinti icazələrinin alınmasının çətinliyi əsas problemlər olaraq qalır.

Vəndamda sınaqlar üçün 420 metrlik xüsusi boru inşa edilib. Ən mühüm yenilik isə kapsulun sınaqlar zamanı uğurla yol dəyişməsidir. Bu imkan gələcəkdə vahid Avropa Hyperloop şəbəkəsinin qurulması üçün açar mərhələ hesab olunur. “Biz artıq göstərdik ki, Hyperloop sadəcə bir fantaziya deyil. Bu, qurulması mümkün olan texnologiyadır”, – deyə Xauter əlavə edib.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr