AZ

İlham Əliyev Hadrut qəsəbəsində oldu - FOTO

Hələ neçə qərinələr əvvəldən deyərdilər ki, Şuşaya kim nəzarət edirsə, Qarabağ da onundur. Bəlkə də işğal dönəmində məhz buna görə Şuşanın azad olunmasını hər şeydən çox istəyirdim. Əslində, buna əmim Pünhan Həsənquliyevin Şuşadan doya-doya danışmaqları da təsir edib. Hər dəfə oraları xatırlayanda gözləri yol çəkir, dərindən köks ötürürdü...

Şuşaya bu dəfəki səfərimin məqsədi əmimi 40 il əvvəlki tələbəlik illərinə qaytarmaq idi. O, Şuşadakı Mədəni-Maarif Texnikumunu bitirdikdən sonra, müəlliminin təkidi ilə sənədlərini Xankəndidəki universitetə vermişdi. Tarix fakültəsinə qəbul olaraq bir il burada oxuyub. 

Əmim sonuncu dəfə Şuşadan qayıdanda, Xankəndinin çıxışındakı erməni postunda maşını əlindən alınıb. O, bundan sonra bir daha Qarabağa qayıda bilməyib. Oraya yalnız 44 günlük Vətən müharibəsindən 5 il sonra qayıtmaq mümkün oldu. Özü də həmin yolla. 

Əmim Şuşada oxuduğu illərdə (1983-1986) Süleyman Sani Axundovun yaşadığı evdə kirayə qalırmış. Onun həmin evə xüsusi qayğısını görən ev sahibi aldığı 20 manat kirayə pulunu da sonradan ona geri qaytarmışdı. 

İsa bulağı, Cıdır düzü, Şuşa qalası, Bülbülün ev muzeyini gəzərkən Yuxarı Gövhər ağa məscidindən azan səsi ucaldı. Əmim zöhr namazını qıldıqdan sonra, kirayə qaldığı evi axtarmağa getdi. Həmin məhəlləni görən kimi tanıdı. Onun oxuduğu texnikumun yerində indi peşə məktəbi inşa olunur. Evin isə yalnız qalıqlarını görə bildik. Bu mənzərəni görmək onun üçün çox çətin idi, üç illik xatirələri bu evlə bərabər yıxılmışdı. Bir müddət gözlərini onun yanındakı evdən çıxan tüstüyə zillədi. Sanki keçmişi də o tüstü ilə bərabər ərşə qalxırdı. Buna rəğmən onun gözlərindəki işıltı və sevinc aydın görünürdü. Nəticədə, yorulmadan danışdığı Şuşanı görmüşdü...

Vaqifin məqbərəsi önündə əmimin 40 il əvvəlki fotosunu təkrarladıq. Həmin fotonu onun Şuşadakı tələbəlik illəri albomunun ilk səhifəsində görmüşdüm. 

Hər addımda ağrıdan doğan qürur və əzəmət sezilir. Hələ Cıdır düzündən baxanda Xankəndidə tikilən Zəfər tağı buludlara qədər ucalır. Hər məhəllə yenidən qurulur, tarixi abidələr bərpa edilir, Qarabağ külündən közərərək yenidən canlanır, biz isə Vətənə geri qayıdırıq! (unikal)

Seçilən
12
avtosfer.az

1Mənbələr