Pxenyan rejimi vətəndaşların həyatına total nəzarət edir...
Poliqon xəbər verir ki, BMT-nin Şimali Koreyadakı insan haqları vəziyyəti ilə bağlı yeni hesabatında Pxenyan rejiminin xarici televiziya seriallarına və filmlərinə baxanlar da daxil olmaqla, ölüm hökmünü daha tez-tez tətbiq etdiyi qeyd olunub.
Hesabat son 10 il ərzində Şimali Koreyadan qaçan 300-dən çox şəxslə aparılan müsahibələr əsasında hazırlanıb. BMT ekspertlərinin gəldiyi nəticəyə görə, son on il ərzində Şimali Koreya hakimiyyəti "vətəndaşların həyatının bütün sahələri üzərində" nəzarəti gücləndirib. "Müasir dünyada bu cür məhdudiyyətlər heç bir digər dövlətdə mövcud deyil", — hesabatda bildirilir.
Müsahibə verilən şəxslər Şimali Koreya rejiminin müxtəlif cinayətlərə görə verdiyi ağır cəzaları, o cümlədən edam hökmlərini təsdiqləyiblər. Xüsusilə, xarici medianın izlənməsi və ya yayılması, rejimin ideologiyasından fərqli fikirlərin ifadə edilməsi ölüm hökmünə səbəb ola biləcək əməllər hesab olunur. BMT-nin hesabatı Pxenyanın vətəndaşlarına qarşı həyata keçirdiyi repressiv siyasətin dərinliyini və ciddiliyini bir daha ortaya qoyur.
Poliqon.info