AZ

“Yığma üzvlərinin Santuşun dövründə qaçmaq istəmədiyini iddia etmirəm” - Aslan Kərimov

Yığmamız DÇ-2026-nın seçmə mərhələsində evdə Ukrayna ilə heç-heçə edərək ilk xalını qazandı. Bu öz yerində, bəs oyunun axarı nə ilə yadda qaldı?

Bununla bağlı təcrübəli mütəxəssis Aslan Kərimova müraciət etdik:
“Millidə taktiki və strateji baxımdan böyük dəyişiklik yox idi. Bunu da normal qarşılamaq olar. Çünki Ayxan Abbasovun komandayla birgə məşq etmək üçün vaxtı olmamışdı. Yalnız psixoloji duruma təsir etmək mümkün idi ki, Ayxan bəy bunun öhdəsindən gəlmişdi. Bu səbəbdən oyunun axarıyla bağlı deməyə çox söz yoxdu. O başqa məsələ ki, çatışmayan xüsusiyyətlər çox idi. Ukrayna yığması taktiki baxımdan bizdən üstün oynadı, əksər epizodlarda millimizi müdafiə olunmağa məcbur etdi. Daha çox ara ötürmələrindən istifadə edərək hücum və yarımmüdafiə xəttimizi yara bilirdilər. Rəqib bu keçidlər sayəsində cinah müdafiəçilərimizi taqətdən salmağı bacardı. Ukrayna millisi bu yolla topu cinah müdafiəçilərimizlə mərkəz müdafiəçisinin arasındakı boşluqlara çatdıra bilirdi. Bu yolla mərkəz müdafiəçimizin arxasında peyda olurdular. Belə üslubdan həddən artıq yaxşı istifadə etdilər. Buraxdığımız qol da həmin epizodların birində vuruldu. Düzdü, birinci hissədə də həmin taktikadan yararlanırdılar. Sadəcə, millimiz ilk 45 dəqiqədə daha sıx oynamaqla rəqibə mane olmağı bacarırdı”.
Aslan bəy "Football-plus.az"a açıqlamasında yığmanın rəqibdən üstün cəhətini də açıqladı:
“Ən böyük üstünlük motivasiyanın yerində olması idi. Məsələn, Elvin Cəfərquliyev gələn həftə “Benfika”ya qarşı oynayacaq. Amma 85-ci dəqiqədən sonra sürətli qaçışlarla yadda qaldı. Əslində belədə zədə qorxusu ola bilər. Adətən, milli üzvləri klublarındakı oyunları daha çox düşündüyündən bunu etmir. Ancaq Ayxan Abbasovun futbolçularda yaratdığı həvəs, oyunçuların da öz növbəsində ona bu cür qarşılıq verməsi özünü göstərdi. Futbolçuların gözündə işıq var idi. Hər halda, rəqibi üstələdəyimiz yeganə komponent əzmkarlıq oldu. İdman xoşbəxtliyi də tərəfimizdə idi. Həmçinin meydançanın durumunun oyuna mənfi təsir etdiyini düşünmürəm. Hər halda, rəqibin ciddi üstünlüklərinin olmasına rəğmən, xal qazana bildik. Deməli, bizdə çatışmayan tərəf oyunçuları inandırmaq, öz güclərindən maksimum istifadə edə bilməyə həvəsləndirməkdi. Onu da vurğulayım ki, yığma üzvlərinin Santuşun dövründə qaçmaq istəmədiyini iddia etmirəm. Belə deyil. Futbolçular əziyyət çəkirdi. Komandanın İslandiya ilə matçda da əziyyət çəkmədiyini heç kim deyə bilməz. Sadəcə, ruh məsələsi var. Futbolçunun gözündə qığılcım varsa,oyunçu başını topun qabağına qoyursa, deməli, hisslər yerindədi. Santuşun dövründə bunu, sadəcə, vəzifə kimi edirdilər. İndi isə baş məşqçi və futbolçu arasında müəyyən bağların olduğunu gördük”.
Mütəxəssis yığmanın məhz bu yolla davam etməli olduğunu vurğuladı:
“Ümid edirəm ki, bu cür davam edəcək. AFFA-nın Ayxan Abbasovla yola davam edib-etməyəcəyini bilmirəm. Ancaq ümid edirəm ki, hər kəs yerli məşqçinin hansısa sistemi dəyişmədən, hətta məşq belə etmədən nəticə qazana biləcəyini anladı. Bizə məhz bu cür – oyunçuları tanıyan, onlarla bağ yarada bilən məşqçilər lazımdı. İstər Ayxan Abbasov, Rəşad Sadıqov, Qurban Qurbanov olsun, istərsə də Aftandil Hacıyevin üstün tərəfi oyunçuları tanıması, hətta bəziləriylə vaxtilə bir yerdə oynamasıdı. Bu iş yerli məşqçilərlə daha rahat olacaq”.
KƏNAN BAHADIR
Seçilən
45
1
football-plus.az

2Mənbələr