AZ

Həddindən artıq isti qocalığı necə surətləndirir

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Süleyman Hammudan yandırıcı istiləri olan bir şəhərdə yaşamağa alışıb.

İyundan sentyabra qədər temperaturun mütəmadi olaraq, 45 dərəcədən çox olan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində o, informasiya texnologiyaları sektorunda satış nümayəndəsi kimi çalışır.

"Gündüzlər çöldəsinizsə, elə bilirsiniz səhradasınız. İsti və rütubət insanı həqiqətən çətin vəziyyətdə qoya bilir. Adətən, evdən işləyirəm. Çölə çıxdığım vaxt isə təxminən axşam saat 7 olur, günəş batır, - hələ də çox istidir, amma dözülməz deyil", - o deyir.

Dubayda yayda küçədə çox az adam gəzir.

"Ona görə də işə gedərkən evdən maşına, oradan da ofisə keçirəm," – deyən Süleyman sözlərinə belə davam edir:

"Hər yerdə kondisioner var. Xüsusilə də insanların günün böyük bir hissəsini keçirməyi sevdiyi ticarət mərkəzlərində. Ticarət mərkəzləri ikinci evinizdir!"

Çoxlarımız kimi, Süleyman da gündəlik həyatını əvvəllər təsəvvürə gəlməz olan isti temperatur şəraitinə uyğunlaşdırır.

Alimlər isə insan orqanizminin belə istilərə tez-tez məruz qaldıqda nələr baş verdiyini araşdırırlar.

ABŞ-da Cənubi Kaliforniya Universiteti (USC) tərəfindən aparılan bir araşdırmada gündəlik temperatur 32 dərəcəni keçdikdə müxtəlif ştat və iqlimlərdə yaşayan minlərlə amerikalının özünü necə hiss etməsi təhlil olunub.

Tədqiqat qrupu qan analizlərindən istifadə edərək 3600 iştirakçının epidemioloji yaşını onların real yaşı ilə müqayisə edib və bu nəticələri istilik indeksi məlumatları ilə tutuşdurub.

Araşdırmanın müəllifi, tədqiqatçı Eunyoung Choi araşdırmaya cəlb olunan insanların bədənlərindəki zədələnmənin təəccüblü olduğunu söyləyib.

Müntəzəm olaraq yüksək temperaturda qalan insanlar daha sürətlə qocalırdılar.

Orqanizmdə qalıcı bir təsiri varmı?

Alimlər artıq bilirlər ki, istilik idrak funksiyalarında, ürək-damar sağlamlığında və böyrəklərin işləmə sürətində dəyişikliklərə səbəb ola bilər.

Ancaq USC-nin məlumatları göstərir ki, yüksək temperatura mütəmadi şəkildə məruz qalmaq DNT-ni kimyəvi olaraq dəyişdirir, yəni burada metilasya adlanan bir proses mövcuddur.

"The Heat Will Kill You First – Life and Death on a Scorched Planet" ("Səni əvvəlcə istilik öldürəcək – Yanmış bir planetdə həyat və ölüm") adlı kitabın müəllifi Jeff Goodell belə deyir:

"Bədən temperaturumuz artdıqca, hüceyrələri əhatə edən yağlar, yəni lipidlər təbii quruluşunu itirməyə başlayır, bu da onların əriməsinə gətirib çıxarır".

O əlavə edir:

"Hüceyrələrin quruluşu parçalanır və bu, yumurta bişirdiyinizdə baş verənlə eynidir! Yumurtanın pərdəsi denaturasiya olur.

Epigenetik qocalma nədir?

Bəs hüceyrələrimizi nə qədər sürətlə yandırırıq?

Hamımız bilirik ki, bəzi insanlar digərlərindən daha sürətlə qocalır.

USC-dən Dr. Choi sadə dillə desək, epigenetik qocalmanın həkimlərin bioloji qocalmanı ölçmək üsullarından, sadəcə, biri olduğunu söyləyir.

Bu metod bədənimizin hüceyrə səviyyəsində nə qədər yaxşı işlədiyini göstərir.

"DNT doğulduqda sabitdir, onu əsla dəyişdirə bilmərik. Ancaq metilasiya genlər üçün bir nəzarət mexanizmi kimidir", – Dr. Eunyoung Choi deyir.

DNT metilasiyasındakı (DNTm) bu dəyişiklikləri öyrənmək üçün qan testləri aparılır.

Dr. Choi belə izah edir:

"DNT-ni bizim planımız kimi düşünə bilərsiniz, metilasiya isə nəyin aktivləşib, nəyin aktivləşməyəcəyini müəyyənləşdirir".

O əlavə edir:

"Bu prosesi anlamaq üçün vacib olan budur: stres, hava çirkliliyi kimi xarici ətraf mühit faktorları... indi istiliyin də bunu dəyişdirə biləcəyini bilirik".

Dr. Choi deyir ki, araşdırmanın nəticələri xroniki istiyə məruz qalmanın bədənimizdə böyük həyat tərzi fərqləri qədər təsir yaratdığını göstərib.

"Bu, siqaret və həddindən artıq alkoqol istehlakının təsirləri ilə müqayisə oluna bilər", - o deyir.

Qocalma üzərində bu sürətli irəliləyiş kiçik görünsə də - arada-bir bir neçə ay - zaman keçdikcə onun necə inkişaf etdiyini anlamaq həyati əhəmiyyət daşıyır. Bioloji qocalmada ildən-ilə davam edən kiçik artımlar belə bir neçə il daha tez qocalmaya səbəb ola bilər.

Bu isə o deməkdir ki, şəkərli diabet, demans və ürək-damar xəstəlikləri kimi yaşla bağlı xəstəliklərə daha erkən yaxalana bilərsiniz.

Lakin Dr. Choi deyir ki, tədqiqat indi bir fürsət təqdim edir:

"Biz bunu [həkimlərə] tibbi tədbirlər görmək üçün "qızıl an" verən aparıcı göstərici kimi görürük."

Bəs ağarmış saçlar və qırışıqlıqlar necə?

Yüksək istilərin olduğu bir yerdə yaşamaq görünüşünüzü dəyişdirirmi?

Süleyman Dubayda bədəninin daha sürətlə qocaldığını, üzündə daha çox cizgi və qırışların əmələ gəldiyini fərq etdiyini söyləyir:

"Keçən yay çox pis günəş yanıqları olduğuna görə həkimə getməli oldum. Dərim həqiqətən ciddi şəkildə zədələndi və hələ də izləri qalıb".

Süleyman əlavə edir ki, Londonda yaşayarkən heç düşünmədiyi bir şey – günəşdən qoruyucu krem haqqında araşdırma aparmaq məcburiyyətində qalıb:

"Artıq insanların gün ərzində çətirlə gəzmələrinin səbəbini anlayıram. Evə çatanda dərinizdə günəşə davamlı məruz qalmanın təsirlərini hiss edirsiniz".

Günəşdən gələn ultrabənövşəyi şüalara davamlı məruz qalmaq dərinizdə qırışları artıraraq sizi daha yaşlı göstərə bilər.

Ancaq bunun saçlarınızın daha tez ağarmasına səbəb olub-olmadığı hələ dəqiq bilinmir.

Saç rəngi melanosit adlanan piqment istehsal edən hüceyrələr tərəfindən müəyyən olunur.

Bəzi dermatoloqlar ultrabənövşəyi şüalarına məruz qalmağın bu prosesi də ləngitdiyini irəli sürürlər.

Məlum olan isə budur ki, artan istilik və rütubət səbəbilə bir sıra nevroloji xəstəliklər – epilepsiya, insult, ensefalit, multipl skleroz və miqren daha da pisləşir.

Və bütün bu xəstəliklər, məsələn, idman etmək yolu ilə arıqlamağı çətinləşdirə bilər.

Həddindən artıq istidən ən çox kimlər qorunmalıdır?

2023-cü ildə Almaniyada aparılan daha kiçik miqyaslı bir araşdırmada Harvard TH Çan İctimai Səhiyyə Məktəbində ətraf mühit sağlamlığı üzrə tədqiqatçı olan Dr. Venli Ni də yüksək hava temperaturu ilə hüceyrələrin daha sürətli qocalması arasında əlaqə görüb.

Onun araşdırmasının əsas mövzularından biri yaşla bağlı xəstəliklərlə əlaqəli DNA metilasiya modellərini şərh etmək idi.

Dr. Venli Ni belə deyir:

"Diabet və piylənmə xəstələrinin çox daha sürətlə qocaldığını göstərdik. Diabet xəstələrinin həddindən artıq istiyə qarşı daha həssas olduğunu davamlı olaraq müşahidə etmişik".

O, həmçinin əlavə edir ki, qan testləri hüceyrələrdə daha sürətli qocalmanı göstərdikdə, bu hal ölüm nisbətinin, həmçinin diyabet, ürək-damar, ağciyər və nevroloji xəstəliklər riskinin artması üçün güclü bir biomarker sayılır.

Araşdırmada bəzi çatışmazlıqlar var. Buna görə də epigenetika sürətlənmiş qocalmanı anlamaq üçün yaxşı olsa da, bədənimizdə hansı sistemlərin istilikdən ən çox zərər gördüyünü bizə demir.

Dr. Choi-nin komandası indi böyrək, beyin və ya ürək sistemlərindən hansının ən çox təsir altına düşdüyünü analiz etməyi planlaşdırır.

"Onlar həyatlarını dəyişdirmək məcburiyyətində qalacaqlar"

Jeff Goodell temperaturun 46 dərəcəyə qalxdığı bir gündə Finiksdə işləyərkən iqlim dəyişikliyi haqqında kitab yazmağa qərar verdi.

O, bir toplantıya getmək üçün bir neçə blok məsafəni piyada yeriməyə başladı, lakin yolda yandırıcı bir "istilik divarına" çırpılaraq az qala yerə yıxıldı.

Belə bir təcrübənin metabolizmanı dəyişdirib-dəyişdirmədiyini anlamaq istəyirdi.

Siçanlar üzərində aparılan son bir araşdırma göstərdi ki, sadəcə, bir dəfə həddindən artıq istiyə yaxalanmaq belə, siçanın metabolizması üzərində qalıcı təsir buraxa bilər.

İqlim dəyişikliyi sürətləndikcə, ABŞ Milli İqlim Qiymətləndirməsinə görə əsrin ortalarına doğru ölkədə həddindən artıq isti günlərin sayı ABŞ-ın böyük hissəsində 20–30 gün artacaq.

ABŞ-ın cənub ştatları onsuz da daha uzun isti mövsüm keçirir və bu mövsüm hər il daha erkən gəlir.

"Texas kimi yerlərdə insanlar daim [isti mövsümünü] düşünürlər", - Goodell deyir və əlavə edir:

"Son iki yaydan bəri bilirlər ki, həyatlarını dəyişdirməli, iş və nəqliyyat formaları barədə fərqli düşünməlidirlər".

Goodell bildirir ki, nəticədə həddindən artıq istinin riskləri ilə bağlı ictimai şüur dəyişdikcə, bu mövzudakı diskusiyalarda da nəzərəçarpacaq bir dəyişiklik yaranıb.

İndi hətta isti hava dalğalarının şiddətinin qasırğa kimi dərəcələrlə sıralanması müzakirə olunur, lakin bunun üçün rütubət ölçümü də lazım ola bilər.

"Əvvəllər televiziya xəbərləri bizə isti hava dalğasında sahilə doğru gedən maşın növbələrini göstərirdi", - Goodell deyir.

O əlavə edir:

"Bunun əvəzində insanlar isti hava dalğalarını 'xüsusilə çöldə işləməyə məcbur olanlar və izolyasiyasız binalarda yaşayanlar üçün təhlükəli bir qüvvə' kimi düşünməyə başladılar."

Onun üçün iqlim böhranı artıq böyük bölgülər yaradıb:

"Biz iki partiyalı bir dövlətə çevrilirik: Soyudulanlar və istidən bişirilənlər.

Bir tərəfdə su, kölgə və kondisioner var. Digər tərəfdə isə tər, ağrı və ən pis halda ölüm".

Goodell indi bütün texaslıların istilik haqqında bildiyi ən mühüm şeyin bu olduğunu düşünür:

"İstilik yırtıcı bir qüvvədir və əvvəlcə ən həssaslara hücum edir".

Seçilən
45
bbc.com

1Mənbələr