AZ

Söyüşçülər məmurlarla əlaqədədir, pulları Bakıdan gedir

Bəşəriyyət tarixinin insanlara verdiyi bir çox dərs var, onlardan biri də odur ki, siyasi rejimlərdən, sistemlərdən asılı olmayaraq, iki məsələni tam qadağan etmək, onlara tam nəzarət etmək mümkün deyil: pul və ideya. İnsanlıq tarixinin son 100 ilndə ən qatı rejimlər belə bunu bacarmayıblar – Almaniyada nasional-sosialistlər hakimiyyətə gəldi, amma konslagerlərə, güllənənən insanlara, həbslərə baxmayaq, Almaniyada anti-nasist qüvvələr həmişə oldu, ideyanın, fikrin qarşısını tam kəsə bilmədilər.


Bakupost.az xəbər verir ki. bu sözləri ReAL sədri Natiq Cəfərli qeyd edib.

O bildirib ki, SSRİ də dünyada ən qəddar rejimlərdən biri olub – tək ideyanın deyil, pulun da qarşısını kəsməyə çalışıb:

“Azad fikrə görə də, alverə görə də böyük cəzalar, həbslər, hətta edam cəzası belə var idi. Pulun və ideyanın qarşısını tam kəsə bildilərmi?! Təbii ki, yox. İnsanlar mətbəxdə də olsa, radioda eşitdiklərini, TV-də gördüklərini məsxərəyə qoyurdular, bütün böyük şəhərlərdə “alverçilər” var idi. Həmin “alverçilər” bütün çətinliklərə rəğmən dünyanın hər yerindən mal gətizdirə bilirdilər. O “alverçiləri” milis-prokuror-hakim – hamı tanıyırdı, Kommunist Partiyasının “elitası” onlar vasitəsi ilə geyim alırdılar. Bəs niyə qadağan edə bilmirdilər – çünki alternativ yox idi, ona görə ki, insanlar geyinib-gecinmək istəyirdilər. Milis rəisinin, prokurorun, hakimin, 2-ci katibin həyat yoldaşı, oğlu-qızı o “alverçilər”dən mal alırdılar deyə, onlara toxunmağa qoymurdular, onlara bir şey olsaydı, evdə dava salardılar. Təbii ki, o “alverçilər” bəlli “oyun qaydaları” çərçivəsində işləyirdilər, hər bir tərəf də o qaydalara uyub yaşayırdı.

Yasamalda Qızıllı xala var idi – bütün şəhər onu tanıyırdı, cins-vilvet şalvardan tutmuş Fransız kosmetikasına qədər, hər şey onun evində var idi, hər axşam “hökumət nömrəli” maşınlar qapısına düşüb mal alırdılar.
SSRİ dönəmində eyni şey ideyaya, fikrə də aid idi – hamı hər şeyi bilirdi, rəsmi təbliğat gülüş mənbəyi idi, amma üzdə, insanlar arasında, ictimai məkanlarda hamı sosializmə inanaraq kommunizmə doğru irəliləyirdi.
Son zamanlar Azərbaycanda pul və ideyanın (hər iki ifadənin daha geniş anlamında) qarşısının kəsilməsinə cəhdlər xeyli artıb və bu məyusedicidir.

Ölkə daxilində media “stiril” olduqca, mövzular daraldıqca, qadağalar artdıqca yenə xaricdəki “söyüş-təhqir” kanallarının baxışı artıb. Onlar isə, mənə elə gəlir ki, ehtimal olaraq, bəzi məmurlarla ilə sıx əlaqədədirlər, bəzilərinin dediyi sözün, söyüşün, təhqirin hər hərfinin pulu Bakıdan gedir. Yaxşı, ölkə ərazisində fəaliyyət göstərən media stirilləşdirdikcə, xaricdən yayılan yalan və manipulyativ söz axınına maraq artacaq axı – bunu hesablamaq çoxmu çətindir?! Deməli, ya bəzi məmurlar bunu qəsdən edir ki, o “söyüş maşınları” nüfuz və pul qazanaraq əllərində alətə çevrilsinlər, ya da o qədər bəsitdirlər ki, ikinci addımı görə bilmirlər. Açığı, bəsit olduqlarını düşünmürəm.

Gələk pula – yəni, biznesə. Bu sahədə də vəziyyət çox gərgindir, hökumətin “aşırı tənzimləmə” və nəzarət “sevdası” biznesi çökdürür. Hökumət komandası qarşılarına pula tam nəzarət etmək kimi mənasız, yerinə yetirilməsi mümkünsüz olan bir məqsəd qoyub. Ölkədə həddən artıq nəzarətedici qurum var, qanunlar isə AB ölkələrini çökdürən, onların rəqabətini sıfırlayan qaydalardan götürüblər, söz də deyəndə deyirlər ki, AB ölkələrində də “flan məsələ” var.

AB ölkələri biznes üçün ən pis örnəyə çevriliblər, AB-yə daxil olan dövlətlərin iş adamları bu situasiyadan beziblər, ABŞ və Çinə rəqabətdə uduzurlar, çünki “aşırı tənzimləmə” artıq onları boğur. Onlar əvvəl öz ölkələrinin qaydalarını nəzərə alırlar, sonra da bunun üzərinə AB-nin requlyativ, tənzimləyici qadağaları gəlir, onlara da ayaq uydurmalıdırlar. Belə yanaşma onları çökdürür, zatən istehsal yox olub, indi də xidmət sahəsi axsayır.

Azərbaycanda təcili klassik “sağ” iqtisadiyyata keçməliyik, əsl liberal istisadi model (psevdo-liberalizm yox ha) yaratmalıyıq, “kiçik-effektiv” hökumət modeli bərqərar olmalıdır, qadağanedici və tənzimləyici bir çox qanun, bəzi məzmunsuz qurumlar ləğv edilməlidir. İnanın ki, başqa çıxış yolu, sadəcə, yoxdur”.

Seçilən
32
1
yenilik.az

2Mənbələr