AZ

İtaliya bunu tarixində ilk, Norveç isə 3-cü dəfə bacardı - icmal

Bu maraqlı qrupda bu tura təsadüf edən hər iki qarşılaşma futbolsevərlərin yaddaşından hələ uzun müddət silinməyəcək.

"Football-plus.az" xəbər verir ki, İtaliya tura İsraildən 3 xal geridə daxil olmuşdu. Ona görə də “skuadra adzurra”nı qələbədən başqa heç bir nəticə qane edə bilməzdi. Debretsen şəhərində keçirilən matçın ilk yarısı ''qol yağışından'' xəbər vermirdi. Çünki tərəflər fasiləyə 1:1-lik bərabərliklə yollandılar. Amma 2-ci hissənin əvvəllərində İsrailin yenidən hesabda önə keçməsi ''skuadra adzurra''nı qəzəbləndirdi.

Qattuzonun komandası mükəmməl geridönüşlə hesabı 4:2-yə çatdırdı. Qəribədi ki, İsrail təslim olmadı və oyunun sonlarına yaxın qısa müddət ərzində 2 qol vuraraq italyanlara əsl şok yaşatdı. Ancaq bütün komandayla irəli atılan İtaliya Tonalinin sayəsində qələbə qolunu vurmağa müvəffəq oldu. Beləliklə, Qattuzonun rəhbərliyi altında keçirdiyi ikinci oyunda da 5 qol vuran İtaliya qrupda 2-ci pilləyə yüksəldi. Qeyd edək ki, İtaliya buna qədər tarixi ərzində heç vaxt ardıcıl iki oyunda 5 qol vurmamışdı!

Bu seçmə mərhələdə top fərqi əsas götürüldüyündən tez-tez böyükhesablı qələbələr qeydə alınır. Bu qrupda rəqib tanımayan və yüksəlişdə olan Norveç yığmasının əlinin altına bu dəfə zəif Moldova düşdü. Skandinaviyalılar rəqibi meydana çıxmağa peşman etdilər. Norveç hələ fasiləyə qədər 5 qol vurmaqla ikinci hissəni formallığa çevirdi.

11:1 hesablı tarixi qələbədə, təbii ki, Holann ön plana çıxdı. Penta-trik edən qoleador yığmada 45-ci oyunda vurduğu qolların sayını 48-ə çatdırdı! O, yığmanın heyətində ardıcıl 8-ci (!) qarşılaşmada fərqlənməyi bacardı. XXI əsrdə Norveçin heyətində bir oyuna nəinki 5, heç 4 qol vuran futbolçu da olmamışdı. Holann həm də XXI əsrdə DÇ-nin seçmə mərhələsi çərçivəsindəki matçda penta-trik edən ilk futbolçu oldu.

Bu hadisə sonuncu dəfə 48 il öncə baş vermişdi. 1977-ci ildə Hans Krankl Avstriyanın heyətində Maltanın qapısına 5 dəfə yol tapmışdı. Tarixində cəmi 3-cü dəfə bir oyuna ən azı 11 qol vuran və bu seçmə mərhələnin ən məhsuldar komandası olan Norveç yoluna itkisiz irəliləməkdədi. 

İ qrupu
6-cı tur
İsrail - İtaliya 4:5 (1:1)

İsrail: Daniel Perets, Dasa (Yehezkal, 66), Naçmias, Lemkin (Şlomo, 9/Turqeman, 88), Revivo, E.Perets, Dor Perets, Xalaili (Baribo, 66), Qlux, Solomon, Biton (Mizrahi, 66).
İtaliya: Donnarumma, Di Lorentso, Mançini, Bastoni, Dimarko (Kambyaso, 78), Politano (Orsolini, 78), Tonali, Lokatelli, Barella (Frattezi, 68), Reteqi (Maldini, 87), Ken (Raspadori, 78).
Qollar: Lokatelli, 16-öz qapısına (1:0). Ken, 40 (1:1). Dor Perets, 52 (2:1). Ken, 54 (2:2). Politano, 58 (2:3). Raspadori, 81 (2:4). Bastoni, 87-öz qapısına (3:4). Dor Perets, 89 (4:4). Tonali, 90+1 (4:5).
Vərəqə: yoxdu.
Hakim: Slavko Vinçiç (Sloveniya).
8 sentyabr. Debretsen. 2540 tamaşaçı. 

Norveç - Moldova 11:1 (5:0)
Norveç: Nyulann, Ryuyerson, Ayer (Estiqor, 73), Heqqem, Volfe, Berqe, Edeqor, Myure (Osqor, 64), Nusa (Şyelderup, 73), Sörlot (Bobb, 64), Holann (Heqqebe, 90).
Moldova: Avram, Motspan (Kojokaru, 61), Kratsyun, Babolyo, Platitsa, Ryabçuk, Ratsa (Boqaçyuk, 80), İonitsa (Dumbravanu, 86), Kaymakov (Dros, 88), Postolaki (Bodisteanu, 46), Nikolaesku.
Qollar: Myure, 6 (1:0). Holann, 11 (2:0). Holann, 36 (3:0). Holann, 43 (4:0). Edeqor, 45+1 (5:0). Holann, 52 (6:0). Osqor, 68 (7:0). Estiqor, 74-öz qapısına (7:1). Osqor, 76 (8:1). Osqor, 79-p. (9:1). Holann, 83 (10:1). Osqor, 90+1 (11:1).
Vərəqə: Kaymakov, 58 - sarı.
Hakim: Balaş Berke (Macarıstan).
9 sentyabr. Oslo. 24605 tamaşaçı. 

1. Norveç 5 5 0 0 24-3 15
2. İtaliya 4 3 0 1 12-7 9
3. İsrail 5 3 0 2 15-11 9
4. Estoniya 5 1 0 4 5-13 3
5. Moldova 5 0 0 5 3-25 0

11 oktyabr: Norveç - İsrail, Estoniya - İtaliya.

Seçilən
4
football-plus.az

1Mənbələr