AZ

Özünə qayıdış

(köşə-traktat)

Uca millətimizin gözəl ata sözlərindən biri belədir: “Bir dəli bir quyuya daş atdı, min ağıllı yığışdı, çıxara bilmədi”. (Ola bilsin məsəlin “yüz ağıllı” variantı da var, ancaq mən min üzərində dayandım, çünki ölkəmizdə aqillər həddən çoxdur, onların hamısını işlə təmin etməyə borcluyuq). Haçansa bu temada müəllifini unutduğum yaxşı bir şeir də oxumuşdum: “Bir dəli, min ağıllı, Kim dəli, kim ağıllı?!”

Qəfil başımızın üstünü kəsdirən payız mövzuları islatmaqdadır, ona görə mənə elə gəlir “hərə öz rayonuna qayıtsın” temasının başını uca milətimiz çox tez bağladı. Uzatmaq olardı. Gül kimi kadrı ordan-ora qovmaq, hətta arada kosmosa dırmaşdırmaq (“speys”) bizə yaraşmadı. Bəs indi kim alov püskürəcək? Hesab edirəm bunlar hamısı söz azadlığına təhlükədir. 

Ciddi fikrimdir, heç kəsi ələ salmıram. Sivil cəmiyyətlərdə belə mövzular əvvəla, heç müzakirə edilmir, ikincisi buna görə adamları cəzalandırmırlar. Bəzi ölkələrdə təzyiqə məruz qalan jurnalistə dəstək üçün onun əvəzindən yazı yazmaq ənənəsi var. Məsələn, hazırda Türkiyədə həbs edilən jurnalist Fatih Altaylının “Youtube” kanalı boş qalmasın deyə hər gün kimsə orada çıxış edir. Mən də bütün iş yerlərindən qovulan jurnalistə dəstək üçün mövzu barədə öz fikrimi yazmaq istəyirəm.

Təbii ki, hamı öz ana yurduna qayıtmalıdır. Yadıma gəlir, biz Narxozda oxuyanda ali riyaziyyatdan dərs deyən bir rüşvətxor qazaxlı (rayonu xüsusi vurğuladım ki, bəlkə “hansı rayon daha korrupsionerdir” temasında təzə qafiyə açaq) müəlim var idi, tələbələr onu hirsləndirəndə çaşıb “Sizi çıxdığınız yerə qədər qovacağam” demişdi. Sonra auditoriyaya qoşulub özü də gülmüşdü, nəticədə elm inkişaf etmişdi. Gərginlik heç kimə xeyir gətirmir. 

Ümumiyyətlə, qayıdış mövzusu çox ümumbəşəri, fəlsəfi temadır, ona bəsit yanaşmaq da mümkündür, elmi yanaşmaq da. Şair bu məqamda yüz qram vuraraq məhz belə demişdir: “Özünə qayıdır hər şey, özünə, Gözümə qayıdır göz yaşlarım da”. Doğrudan da, təbiətdə suyun dövranı vardırsa, bu gün axıtdığımız göz yaşının müəyyən müddətdən sonra gözümüzə qayıtmaq ehtimalı böyükdür. Daha dərinə, uzaqlara getsək, sənin krantdan açıb çay dəmlədiyin su milyon il qabaq dinozavr sidiyi olmuşdur. Bundan diksinmək lazım deyil. Əksinə, ölümsüzlüyümüzü dərk etməli, maddi-material baza olaraq heç vaxt yoxa çıxmadığımızı anlayaraq xoşbəxt olmalıyıq. 

Misal üçün, sən gedirsən hansısa dövlət idarəsinə, orda rüşvət verirsən. Buna pis olmağa dəyməz, haçansa o pul dövr edib sənin cibinə qayıdır. Hətta bəzən faizlə qayıdır! Məmurun yediyi qara kürü yaxmacı ilə kasıbın yediyi qara çörək yavanlığı arasında fərq yoxdur, çünki milyon, milyard illik zaman bucağından baxanda hər şey əvvəl-axır atomlara parçalanır, yenidən düzülür, yenidən bir daha parçalanır və sairə. Bunlar hamısı fizikanın qanunlarıdır. 

Əgər kimsə hazırda dənizin qırağını ələ keçiribsə, niyə əsəbləşirik? Biz özümüz dəniz olacağıq! Heç uzağa getməyək, elə bu anda dənizin bir parçasını orqanizmimizdə gəzdiririk (bax: yuxarıdakı izaha). 

Qul bazarında rəisin “Leksus”una baxıb köks ötürən işsiz bədənində haçansa maşın düzəldiləcək dəmir gəzdirir. Biz niyə məmurları, siyasətçiləri tənqid etməliyik, axı onlarla eyni materialdanıq! Qayıdış üçün zamana ehtiyac var – Əbülfəz bəy demiş və öz kəndinə qayıtmışdı. 

Zəngilana qayıtmaq, Biləcəriyə qayıtmaqla eyni məzmun daşıyır. Çünki vaxtilə, lap dəqiq yazsam 100-200 milyon il əvvəl Pangeya materiki olanda Zəngilan elə Biləcərinin yanında idi. (Doğrudur, şəxsən mən bir bayıllı tanıyıram, neçə ildir Alatavadan çıxmır. Əlaqədar orqanlardan xahiş edirəm tədbir görsünlər. Milyon il gözləməyə səbri çatmayanlar var, təəssüf ki).

Uzun sözün qısası, o qızı qaytarın. Nə ona, nə bizə bekar qalmaq yaraşmaz. 

P.S. Amma prosesin mahiyyətinə varanda anlamalıyıq ki, o qız da heç yerə getməyib. Ya da belə: uzağa getməyib.  




Seçilən
13
musavat.com

1Mənbələr