AZ

İsrailli girovların ailələri Netanyahuya qarşı etirazlarını gücləndirib

BAKI, TurkicWorld, Səməd Əyyubov

HƏMAS-ın əlində saxlanılan israilli girovların ailələri baş nazir Benyamin Netanyahunun siyasətinə qarşı etirazlarını gücləndiriblər.

TurkicWorld xəbər verir ki, ailələr həmçinin Netanyahunun onlarla görüşməkdən imtina etdiyini və tələblərini dinləmədiyini bildiriblər. Onların sözlərinə görə, baş nazir görüş üçün qrafikində vaxt olmadığını bəhanə gətirib.

Girov ailələri açıqlayıblar ki, yaxınlarının Qəzzaya aparılmasından 700 gün keçdiyi üçün Netanyahu ilə görüş tələb ediblər. Lakin bir müddət sonra onlara görüşün baş tuta bilməyəcəyi bildirilib. Ailələr baş naziri onlardan qaçmaqda ittiham edərək deyiblər: “İki ildir övladlarımızı laqeyd qoyduğu üçün artıq gözlərimizə baxa bilmir.”

“Uşaqlarımız əsirlikdə hər gün min dəfə əzab çəkir, hər saniyəni sayırlar. Biz isə başsız qalmışıq, hökumətimizin bizi tərk etdiyini hiss edirik. Gecələr yuxusuzuq, əzab içindəyik. Baş nazir isə vaxtın onun tərəfində olduğunu deyərək məsələni təxirə salır. Bu, bitib-tükənməyən bir istehzaya çevrilib”, - deyə onlar vurğulayıblar.

Ailələr əlavə ediblər ki, yalnız İsraildə baş nazirin qapıları onların üzünə bağlanır, halbuki dünyanın müxtəlif yerlərində, hətta Qətərdə belə onları qəbul edirlər.

Xatırladaq ki, şənbə günü İsrailin 80-dən çox yaşayış məntəqəsində 100 minədək insan hökumətin siyasətinə qarşı etiraz aksiyalarına qatılıb. Tel-Əvivdə Müdafiə Nazirliyinin qarşısında girov ailələrinin çağırışı ilə keçirilən mərkəzi mitinqdə Netanyahunun siyasəti sərt tənqid olunub, girov mübadiləsi və Qəzzadakı müharibənin dərhal dayandırılması tələb edilib.

Ailələr Dohaya edilən hücuma və HƏMAS nümayəndə heyətinin öldürülməsi cəhdinə də etiraz ediblər. Onlar övladlarının taleyi ilə bağlı narahatlıqlarının artdığını bildirərək, Netanyahunun görüşdən imtinasından sonra Qətərli rəsmilərlə əlaqə saxladıqlarını və vasitəçilik rolunun davam etməsini istədiklərini açıqlayıblar. İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, Qətər rəsmiləri İsrail razı olarsa, danışıqları davam etdirməyə hazır olduqlarını bildiriblər.

Girov ailələrinin sözçüsü, Qəzzada əsir olan bir gəncin anası Netanyahunu sərt tənqid edərək deyib: “Baş nazir girovların həyatını təhlükəyə ataraq HƏMAS nümayəndə heyətini öldürməyə cəhd etdi. Halbuki həmin vaxt oğlumu azad etmək üçün saziş müzakirə olunurdu. O, HƏMAS liderlərini deyil, bizim övladlarımızı qaytarmaq şansını məhv etdi.”

Onun sözlərinə görə, Netanyahu Mossad rəhbərinin, Təhlükəsizlik Şurasının başçısının, Baş Qərargah rəisinin və danışıqlar qrupunun məsləhətlərinə qulaq assaydı, bu uğursuzluq yaşanmazdı. O əlavə edib ki, “Baş nazir yalnız müharibəni deyil, girovların həyatını da məhv edir. Oğlum əzələ atrofiyasından əziyyət çəkir, yeraltı tuneldə sağ qalmaq uğrunda mübarizə aparır, Netanyahu isə onu orada bombalamağa çalışır.”

Ailələrin nümayəndəsi daha sonra bildirib: “Əsgərlər girovları xilas etmək ümidi ilə döyüşə göndərilir, amma Netanyahu onları ölüm tələlərinə yollayır. O, girovları və əsgərləri siyasi hakimiyyətini qorumaq üçün qurban verir. Biz əbədi bir siyasi müharibəyə məhkum edilmişik. Buna görə də bütün israilliləri etirazlara qoşulmağa çağırırıq.”

Seçilən
20
turkic.world

1Mənbələr