Tovuzda körpü tikintisi zamanı bədbəxt hadisə baş verib. 28 yaşlı oğlan metalın altında qalaraq həyatını itirib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə sentyabrın 11-də Tovuz rayonunun Ağbaşlar kəndində qeydə alınıb.
Zəyəm çayı üzərində aparılan körpü tikintisində armaturlar aşaraq fəhlələrin üzərinə düşüb.
28 yaşlı Cuma Yunusov hadisə yerindəcə dünyasını dəyişib. Digər fəhlə Ramil Əliyev isə xəstəxanaya yerləşdirilib. Onun müalicəsi həkimlərin nəzarəti altında davam etdirilir.
Cumanın əmisi Zamil Yunusov deyib ki, həyatını itirən şəxs ailənin yeganə oğlu idi. Beş bacının tək qardaşı olan gənc həm də 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Onun yaxınları iddia edirlər ki, hadisədə şirkətin məsuliyyətsizliyi var.
Əmisi bildirib ki, hadisədən əvvəl də iş prosesində ciddi nöqsanlar mövcud olub.
İddialarla bağlı Gəncə Körpü Tikinti ASC-nin İdarə heyətinin sədri Məhərrəm Zeynallı ilə əlaqə saxladıq. O bildirdi ki, şirkət işçiləri tam qanuni əsaslarla işlə təmin edilir və rəsmi qaydada qeydiyyata alınır. Mütəmadi olaraq təhlükəsizliklə bağlı təlimlər keçirilir.
Məhərrəm Zeynallının sözlərinə görə, məsələ Tovuz Rayon Prokurorluğunda araşdırılacaq, bütün səbəblər dəqiqləşdiriləcək və hüquqi qiymət veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.