Misli Premyer Liqasının IV turunda "Şamaxı" "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Şamaxı komandasının baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib:
"Bizim üçün önəmli oyun idi. Evdə ikinci dəfədir ki, oynayırdıq. Bu gün azarkeşlərimizə qələbə hədiyyə etmək istəyirdik. Turnir cədvəlində xallar önəmlidir. İşimizin öhdəsindən gəldik. "Karvan-Yevlax"ın əvvəlki oyunlarına baxsaq, "Qəbələ", "Kəpəz", "Qarabağ"a qarşı çox yaxşı çıxış ediblər. İlk qolu vurandan sonra oyun bizim nəzarətimizdə oldu. Bundan da yaxşı ola bilərik. Futbolçularımızın potensialı var. Milli fasilədən səmərəli istifadə etdik. Sevindirici haldır ki, ikinci hissədə meydançada gənc oyunçularımız çoxaldı. Burada qazanan milli komanda olacaq. Gələn oyunlara hazırlaşacağıq, çempionat daha da sərtləşir. İnanıram ki, hər kəslə mübarizə aparmağa gücümüz çatacaq".