AZ

Nyu-Yorkun Asiya versiyasına bənzəyən təzadlar şəhərindən REPORTAJ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məscidlər, məbədlər, ultramüasir göydələnlər, dünyanın ən hündür əkiz qüllələri, hər yerdən çoxlu sayda insan, köhnə "Moorish" üslublu dəmir yolu stansiyası, yaşıl parklar... Bütün bu elementlər Şərqlə Qərbin, ənənələrin və yeniliklərin rəngarəng qarışığı olan Kuala-Lumpurda cəmləşib. "Kuala-Lumpur Nyu-Yorkun Asiya versiyasına bənzəyir", - deyə qeyd edirlər. Şəhər müasir meqapolisdir. Burada üç sivilizasiya - Çin, Hindistan və malay mədəniyyəti və ənənələri bir-birinə qarışıb.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Qalay mədənçilərinin məskəni
Şəhər vaxtilə qalay mədənçilərinin məskəni kimi tanınıb. O dövrdə şəhərin adı malay dilində "çirkli çay ağzı" mənasını verib. Şəhər 80-ci illərdə böyüyüb və Malayziyanın paytaxtına və Cənub-Şərqi Asiyanın ən sürətlə inkişaf edən şəhərlərindən birinə çevrilib.
Hər bir metropolda olduğu kimi, Kuala-Lumpurda da etnik müxtəliflik xüsusilə nəzərə çarpır və hər şeydə özünü göstərir: memarlıqdan və kulinariyadan tutmuş taksi sürücülərinə qədər. Çinlilər və hindlilərin köçü Malayziyaya uzaq koloniyaları inkişaf etdirmək üçün əməkçiyə ehtiyacı olan ingilislər sayəsində mümkün olub. Bu gün çinlilər Malayziyada yerli malaylardan sonra ikinci, hindular isə üçüncü ən böyük etnik qrupdur.
"Burada həyat qaynardır"
Şəhər beynəlxalq hava limanına malik böyük nəqliyyat mərkəzidir. Hava limanında miqrasiya idarəsinin qeydiyyatından və sərhəd-keçid xidmətinin ciddi yoxlamalarından keçib şəhərə daxil oluruq. Düzdür, hava limanına gecə çatan turistlərə taksi sürücüləri "qiymət oxumağı" xoşlayırlar.
Qiymətdə razılaşmayanda seçim çoxdur, "KL Sentral"a doğru mükəmməl nəqliyyat sistemi qurulub: şəhər nəqliyyatına avtobuslar, monorels və skaytreyn daxildir. Əvvəlcə maşinistsiz idarə olunan qatarları görüncə çaşırsan, lakin texnologiyaların son dərəcə inkişaf etdiyi bir ölkədə olduğunu anlayırsan. Dünyanın istənilən metropolunda olduğu kimi, burada da nəqliyyat çox sıxdır. "Asiya ölkələrinin insanları Kuala-Lumpura niyə axışırla?" - deyə taksi sürücüsündən soruşanda, "burada həyat qaynardır, iş təklifi çoxdur, yaşayış ucuzdur, təhlükəsizlik var" - deyə bildirir. Yerli sakinlər şəhərlərinə sadəcə "Kay L" deməyi xoşlayırlar.
Ölkənin inkişaf edən iqtisadiyyatı var: qida, metal və ağac emalı, sement və rezin emalı sənayeləri inkişaf edib. Malayziya elektronika üzrə dünyanın aparıcı istehsalçılarından birinə çevrilib. Burada dəmir yolu avadanlıqları da istehsal olunur. Bu baxımdan ölkədə işsizlik problemi yoxdur. Turizmin inkişafı ölkə iqtisadiyyatını gücləndirir. Kuala-Lumpur mütəmadi olaraq əcnəbilərin yaşaması üçün ən yaxşı şəhərlərin dünya reytinqində özünü tapır. Turistlərin arasında ruslar çoxluq təşkil edir.
Rəsmi pul vahidi Malayziya ringgitidir (MYR). Hava limanında və böyük "mall"arda asanlıqla mübadilə etmək olur.
Paytaxtın təzadlı imici
Malayziya müsəlman ölkəsidir, amma insanlar radikal dindar deyillər. Paytaxtda yerli əhali 15-20 faiz təşkil edir. Kuala-Lumpura xüsusi rəng qatan onun multikultural əhalisidir - hindlilər, çinlilər və çoxlu sayda miqrantlar.
Malayziya paytaxtının orijinal görüntüsü ilə tanış olmaq üçün "Hop-on-Hop-off " avtobusunu seçirik. Şəhərlə tanışlığa paytaxtın bütün yollarının birləşdiyi yerdən - Camek məscidindən başlayırıq. Kuala-Lumpurda dini ərazilərə daxil olarkən xüsusi geyimlərdən istifadə olunur. Gəzinti boyu müstəmləkə dövrünün irsini müzakirə etməyə imkan verəcək attraksionlarla tanış oluruq. Müstəqillik meydanı, Sultan Əbdül Səmədin sarayı, "Petronas" əkiz qüllələri, hind və çin məbədləri, Botanika bağı və s. mütləq görməli yerlərdəndir. Göydələnlərin mənzərəsi paytaxtın təzadlı imicinə xüsusi gözəllik və müasirlik əlavə edir. Burada Şərq, Qərb, ənənə və innovasiyalar bir-birinə qarışıb.
Hökumət və baş nazir mərkəzdən yaxınlıqdakı Putracayaya köçüb və Malayziyanın inzibati mərkəzi indi orada yerləşir. Əzəmətli Kral Sarayı turistlər üçün çox maraqlıdır. Turistlər sarayın ön qapısında Malayziya kralının atlı və sıravi mühafizəçiləri ilə şəkil çəkdirmək imkanını əldən vermirlər. "Brickfields" (Kiçik Hindistan) mənzərəli küçəsi ilə davam edirik. Buraya gələndə özünü Hindistanda hiss edirsən. Artıq filmlərdən vərdiş etdiyimiz kimi, hind qadınları çox maraqlı rəngli sarilər geyiniblər. Ətrafda hind meyvələri və suvenirləri satan çoxlu piştaxtalar var, hind musiqisi eşidilir.
"Chinatown"da - Çin məhəlləsində çinlilərin həyat tərzi ilə tanış oluruq.
Asiya gənclərini cəlb edən universitetlər
Şəhər gənclərlə qaynayır. Onların çoxu tələbələrdir. Kuala-Lumpurun iki universiteti - Malaya Universiteti və Malayziya Texnologiya Universiteti yüksək təhsili ilə Asiya ölkələrinin gənclərini cəlb edir. "Təhsil keyfiyyəti yüksəkdir", - deyə yerli sakinlərdən biri bildirir: "Burada daha çox Asiya ölkələrindən olan tələbələr təhsil alırlar. Malayziyada özəl məktəblərdə təhsilin keyfiyyəti çox yüksəkdir və qiyməti münasibdir".
Kuala-Lumpurda axşam saatlarında küçələr canlanır. Bura orijinal şərq mətbəxi ilə tanış olmaq istəyən qurmanlar üçün cəlbedici yerdir. Yerli mətbəx Malayziya, Çin, Hindistan və hətta Afrika qastronomik ənənələrinin qarışığıdır. Burada ən sevimli məhsul milli yeməklərin əksəriyyətinin reseptlərinə daxil olan düyüdür və hər yerdə verilir. Müxtəlif mətbəxlərin çoxlu sayda restoranı var. Restoran yeməkləri adambaşına orta hesabla 10-15 dollardır. İnkişaf etmiş müasir şəhərdə küçə yeməkxanalarında təqdim olunan yeməklər də var. Qəribə maddələr, qeyri-adi dadlar, xoşagəlməz qoxular və tamamilə anlaşılmaz adlar yemək seçimini çətinləşdirir. Asiyaya ilk dəfə baş çəkən adam bu ədviyyatlı yeməkləri heç sevməyə və ac qala bilər.
Kuala-Lumpurda çoxlu böyük ticarət mərkəzləri, səs-küylü bazarlar və özünəməxsus yerli məhsullar satan kiçik mağazalar var. İnsanlar sanki səhərə qədər oyaqdır, sübh çağına kimi küçələrdə nə avtomobillərin, nə də insanların səsi kəsilir...
Seçilən
7
oxu.az

1Mənbələr