AZ

Putin Qərblə müharibəni niyə dayandırmır?

Rusiya prezidenti öz siyasi varlığını ABŞ və onun müttəfiqləri ilə daimi qarşıdurmaya bağlayıb...

Politiko qəzeti

Rusiya prezidenti Vladimir Putinin Polşaya ən azı 19 pilotsuz uçuş aparatı (PUA) göndərməsi, onun Qərbə qarşı müharibəni yaxın vaxtlarda dayandırmağı planlaşdırmadığını göstərir.

Rusiyanın NATO hava məkanını pozması, Ukraynada həftələrdir davam edən və onlarla mülki şəxsin ölümünə, Avropa İttifaqı (Aİ) və Böyük Britaniya nümayəndəliklərinin yerləşdiyi binalara ziyan vurulmasına, həmçinin ilk dəfə Kiyevin mərkəzində hökumət kvartalının vurulmasına səbəb olan hava hücumlarından sonra baş verib.

Analitiklər iddia edir ki, Putin təkcə Donald Trampın təzyiqi altında Ukrayna ilə sülh sazişi bağlamağa hazır deyil, o, həm də öz siyasi varlığını ABŞ və onun müttəfiqləri ilə artan münaqişəyə bağlayıb.

Londonun Yeni Avrasiya Strategiyaları Mərkəzinin analitiki Nikolay Petrovun sözlərinə görə, "Putin müharibə prezidentidir və o, onun bitməsində maraqlı deyil". Hərbi lider kimi özünü təsdiqləmiş bir şəxsin sülh dövrü prezidenti roluna qayıtması, vəzifədən endirilməyə bərabərdir. Petrovun fikrincə, “şərtlər nə olursa olsun, o, bu roldan imtina edə bilməz”.

Putinin Ukraynaya qarşı genişmiqyaslı hücumu dördüncü ildir davam edir və Rusiya prezidenti bəlkə də müharibənin ilk günlərindən bəri ən nikbin mərhələsindədir. Ukrayna qüvvələri silah və insan qüvvəsi çatışmazlığı səbəbindən zəiflədiyi üçün Rusiya ölkənin dərinliklərinə doğru irəliləməyə davam edir.

Bununla belə, Moskvanın irəliləyişi yavaş və xeyli xərc bahasına başa gəlib. Kreml qüvvələri təxminən bir milyon itki verib, münaqişə isə resessiyaya düşmək təhlükəsi ilə üz-üzə olan Rusiya iqtisadiyyatına ciddi ziyan vurub.

Siyasi nöqteyi-nəzərdən isə münaqişənin bitməsi risklərlə doludur. Kreml tərəfindən media və internet üzərindəki sərt nəzarət, sülh müqaviləsini rusların əksəriyyətinə qələbə kimi təqdim etməyə imkan versə də, Rusiya prezidentini narahat edən bu deyil.

Petrovun sözlərinə görə, Rusiyadakı liberal müxalifətin darmadağın edilməsindən sonra onun hakimiyyətinə əsas təhlükə kiçik, lakin fəal millətçilər qrupundan gəlir. O, onlara təkcə Ukrayna üzərində deyil, həm də Kreml tərəfindən “kollektiv Qərb” adlandırılan qüvvələr üzərində böyük bir qələbə vəd edib.

Karnegi Avrasiya Mərkəzinin elmi işçisi Aleksandr Baunov DW-yə açıqlamasında deyib: "Hərbi-siyasi dairələrin döyüşkən hissəsində NATO-nu məhv etmək arzusu var. Məqsəd, NATO-nun faydasız olduğunu göstərməkdir".

Hərbi analitiklərin sözlərinə görə, ötən ay Putin Alyaskada Trampla atəşkəsin əldə olunmasına həsr olunduğunu bildirdiyi sammitdə görüşdükdən sonra Moskva Avropaya qarşı hibrid müharibə kampaniyasını gücləndirib.

Çərşənbə günü Polşaya pilotsuz təyyarələrin daxil olmasından əvvəl də Rusiya PUA-ları dəfələrlə qonşu Belarus ərazisindən Polşa hava məkanına soxulur, şəhərlər üzərində uçuşlar edir və sonra geri qayıdırdı. Avqust ayında Rusiya PUA-sı Varşavadan təxminən 100 kilometr cənub-qərbdə qəzaya uğramışdı.

WELT-in məlumatına görə, Polşa sərhədini keçən beş pilotsuz uçuş aparatı Niderlandın Lockheed Martin F-35 qırıcıları tərəfindən tutulmazdan əvvəl birbaşa NATO bazasına doğru istiqamət alırdı.

Polşaya PUA-ların daxil olmasından iki gün əvvəl dərc olunan məqalədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Helsinkini hücum planlaşdırmaqda ittiham edərək, istənilən hücumun “Finlandiya dövlətçiliyinin birdəfəlik süqutuna səbəb ola biləcəyi” ilə hədələmişdi.

Analitiklər qeyd ediblər ki, məqalənin ritorikası Kreml tərəfindən 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl səsləndirdiyi tezisləri xatırladır.

Londonun Yeni Avrasiya Strategiyaları Mərkəzindən Nikolay Petrov qeyd edir ki, Moskva həmçinin gəmiqayırma da daxil olmaqla, həyati əhəmiyyətli sənaye sahələrini NATO sərhədindən uzaqlaşdıraraq ölkənin şərqinə köçürməyə başlayıb.

Cümə günü isə Rusiya Belarusla, o cümlədən birbaşa Polşa sərhədində genişmiqyaslı hərbi təlimlərə başlayıb.

“Putinin Ukraynada nəyə nail olmasından asılı olmayaraq, Qərblə qarşıdurma bitməyəcək, o, müxtəlif formalarda, o cümlədən hərbi formada davam edəcək”, deyə Oetrov qeyd edib.

"Re:Russia" analitik mərkəzinin təsisçisi Kirill Roqovun sözlərinə görə, Polşaya müdaxilə kimi hərəkətlərlə Putin Tramp və Avropa liderlərinə Kiyevə potensial sülh sazişindən sonra təhlükəsizlik zəmanəti verilməsi ilə bağlı mümkün müzakirələr barədə xəbərdarlıq göndərir.

"Putin göstərdi ki, bu gün o, müdafiə sistemləri olmayan NATO ölkələrinə hücum edə bilər", deyə Roqov vurğulayıb.

Trampın NATO-ya sadiqliyi ilə bağlı qeyri-müəyyən siqnalları və Moskvaya qarşı sanksiyalar tətbiq etməkdə özünün təyin etdiyi müddətlərə riayət etmək istəməməsi Putinə bu cür hərəkətlərdən çəkinməyəcəyinə inam verir.

Polşa hadisəsi kimi insidentlər kiçik hücum əməliyyatları ilə NATO-nun reaksiyaya hazırlığını yoxlamaqla Qərb hərbi ittifaqının kollektiv müdafiəyə sadiqliyini zəiflətməyə yönəlib.

Karnegi Avrasiya Mərkəzindən Aleksandr Baunovun sözlərinə görə, məqsəd hərbi ittifaqın “dişsiz pələng” olduğunu göstərməkdir.

Hələlik Vaşinqtonun reaksiyası bu narahatlıqları daha da gücləndirir. Cümə axşamı günü Tramp Moskvanın tezislərini təkrarlayaraq jurnalistlərə bunun "səhv" ola biləcəyini deyib.

Kreml PUA-ların buraxılmasının qəsdən edilmiş təxribat olması ilə bağlı iddiaları rədd edib. Rusiyanın Müdafiə Nazirliyi Polşadakı obyektlərə hücum etmək üçün “heç bir plan olmadığını” bildirib.

Polşalı rəsmilərin sözlərinə görə, bəzi pilotsuz təyyarələr üçün başlanğıc meydanı kimi xidmət edən Belarus isə müdaxilənin “elektron sıxışdırma” nəticəsində yaranan nasazlıqdan qaynaqlana biləcəyini bildirib.

"Bu, Putinin tipik “trollinq” və yoxlama üslubudur", - deyə Roqov bildirir. "O, hər şeyin qəsdən və ya təsadüfi kimi şərh edilə bilməsi üçün qeyri-müəyyən olmasını sevir".

Poliqon.info

Seçilən
10
1
poliqon.info

2Mənbələr