AZ

“Penalti epizodu bizim qapıya olsaydı, penalti veriləcəkdi” - Samir Abasov

“Neftçi” bu dəfə də “Sabah”ı məğlub edə bilmədi - 0:0.

“Football-plus.az” xəbər verir ki, Samir Abasov oyundan sonra jurnalistlərin suallarını cavablayıb.

- Futbolçularıma “sağ ol” deməyə məcburam. Həddən artıq çalışdılar. “Turan Tovuz”la oyunda da 10 nəfərlə qalsaq da, dominant idik. Bu gün daha da üstünə qoyduq. İqor, Alessio kimi itkilərimiz var idi. Futbolçulardan məmnun qaldım. Onları yaxşı anlayıram. Nəticə yoxdusa, deyilən sözlər də… Komandanı stressiz, təzyiqsiz hazırlamağı bacarırıq. Qələbə mentallığını futbolçulara aşılayıram. Danışa bilmədiyimiz, dilimizi kəsən məqam qələbənin olmamasıdı. Oyunda bir komanda var idi, o da ev sahibləri. Yeni qurulan komanda üçün bu cür rəqiblərə qarşı neçə epizod yaratdıq.

- Futbol bir futbolçudan asılı deyil. Amma “Neftçi” qol vura bilmir sanki…
- Birinci sual elə budu. Çətindi… Onu nə ilə bağlayım, bilmirəm. Yeni qurulan komanda olaraq belə rəqiblərə qarşı neçə epizod yarada bilərik? Ümid edirik ki, yaxşı oyunun sonunda yaxşı nəticə olacaq.

- Murad Xaçayev bu gün çox yaxşı oynadı. Ribeyro qayıdandan sonra onu və ya Elvin Bədəlovu ehtiyatda görə bilərik?
- Komandaya gələnlərin hamısından məmnunuq. İndi vəziyyət elə gətirdi ki, Xaçayev oynadı. Onlar gələndə yaxşı qarşılanmamışdı. Bütün komandadan razıyam. Elvin və Murad gələndə onların ətrafında nə qədər söhbətlər gedirdi. Elvin də, Murad da çox yaxşı işlər gördülər. Kimin ehtiyatda olacağını deyə bilmərik. Üçü də təki bu formada olsun, biz baş sındıraq ki, kimi oynadaq.

- "Neftçi" rəhbərliyi sizə zaman verəcək? Qatar gedir, rəqiblər xallar qazanır..
- Bu suala cavab vermək istəmirəm. Buna cavab verəcək adam mən deyiləm. Çox çətin vəziyyətdəyik. Həmişə çətin olub. İşimiz oynadığımız futbolu daha da yaxşılaşdırmaqdı. Futbolçular ancaq ona kökləniblər. Meydançadan kənarda da işlərimiz var ki, onu futbolçulara aşılamağa çalışırıq.

- Milli komandaya yerli məşqçi gəlsin, yoxsa əcnəbi?
- Yerli məşqçinin tərəfdarıyam. Son oyun da göstərdi ki, komandanı oyuna çıxaracaq məşqçi varsa, o da yerlidi. Kim olacaqsa, ona uğurlar arzulayıram, xeyirlisi olsun.

- Penalti epizodu ilə bağlı fikirləriniz?
- O məsələ mənim üçün anlaşılmaz qaldı. Hakim epizodu görürdü, yaxın idi və dərhal penalti verdi. Niyə VAR müdaxilə etdi? Top qapıya gedirdi, futbolçu onu əli ilə saxladı. Rəqib futbolçudan sonra heç kim yox idi. Varqasın epizodu da var idi. Ən azı ikisindən biri penalti idi. Əminliklə deyirəm ki, Rüstəm mənimlə razılaşmasa da (gülür), bizim qapımıza olsaydı, 100 faiz penalti veriləcəkdi.

- Masa arxasında danışdığınız futbolçu var? Transfer olacaq?
- İşimiz dayanmayıb. Daim axtarışdayıq. Biz daim axtarırıq. Konkret adlar çəkə bilmərəm. Baxdığımız oyunçular var.

- Dambrauskas bir xalı ədalətli sayır, bəs siz?
- Biz qələbəyə daha çox layiq idik.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
61
11
football-plus.az

10Mənbələr