Məşhur Məmmədov,
Millət vəkili
2025-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin Füzuli, Xocavənd və Xankəndi istiqamətində həyata keçirdiyi ardıcıl səfərlər ölkəmizin tarixi Zəfərdən sonrakı reallıqlarını daha aydın nümayiş etdirdi. Bu səfərlər bir tərəfdən Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması istiqamətində görülən nəhəng işlərin göstəricisi idisə, digər tərəfdən Böyük Qayıdış proqramının strateji əhəmiyyətini bir daha ortaya qoydu.
Prezident İlham Əliyev Füzuli rayonunda yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoymaqla Böyük Qayıdış prosesinə mühüm töhfə verdi. Ermənistan işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri üçün nəzərdə tutulan bu layihə iki mərhələdə icra ediləcək. İlk mərhələdə 404 ailənin (1861 nəfər) məskunlaşması, məktəb, uşaq bağçası, tibb məntəqəsi, inzibati və xidmət binaları ilə yanaşı müasir infrastrukturun yaradılması nəzərdə tutulur. İkinci mərhələ isə 2027–2030-cu illərdə 1075 ailənin (4093 nəfər) köçürülməsini, yüzlərlə evin və çoxmərtəbəli yaşayış binalarının inşasını əhatə edəcək. Bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə müasir kəndsalma siyasətinin parlaq nümunəsidir.
Bu gün Prezidentin Hadrut qəsəbəsinə səfəri bu qədim yurd yerinin yeni həyatını nümayiş etdirdi. Burada elektrik, qaz və su xətləri bərpa edilib, 12,5 km-lik Füzuli-Hadrut yolu istifadəyə verilib, sosial obyektlər, ticarət və iaşə müəssisələri yaradılıb. Əhalinin qayıdışı artıq başlayıb – 10 ailə öz evlərinə köçüb. Dövlət başçısının Hadrut məscidinin açılışında iştirakı isə Azərbaycan dövlətinin dini-mədəni irsin bərpasına verdiyi önəmin təzahürüdür. 25 metr hündürlüyündə minarəsi olan bu məscid işğal zamanı dağıdılmış müqəddəs ocaqlarımızın bərpası siyasətinin davamı kimi dəyərləndirilir.
Prezidentin Sos kəndinə, Qırmızı Bazar və Şuşakənd qəsəbələrinə səfərləri Böyük Qayıdışın praktiki nəticələrini göstərdi. Sos kəndində 259 evdən 10-u artıq istismara hazırdır, ilin sonuna 75 ev bərpa olunacaq. Qırmızı Bazar qəsəbəsində ictimai-məişət obyektləri, istehsal emalatxanaları fəaliyyətə başlayıb, 300 evin böyük hissəsinin bərpası planlaşdırılıb. Şuşakənddə isə 15 ailə artıq öz evlərinə dönüb, 2026-cı ilədək bütün yararlı evlərin bərpası nəzərdə tutulur. Bu proseslər əhalinin sürətli şəkildə öz yurdlarına qayıtmasını təmin edir.
Günün ən əhəmiyyətli hadisələrindən biri də Qarabağ Universiteti ilə bağlıdır.
Xankəndidə Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin açılışı və Klinikanın istifadəyə verilməsi bölgənin intellektual və elmi inkişafının əsasını qoyur. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, MRT və KT otaqları, tədris və tədqiqat imkanları tələbələrə ən yüksək səviyyədə bilik və bacarıqlar əldə etməyə şərait yaradır. Bu, həm Azərbaycanın tibb elminə, həm də Qarabağın sosial rifahına xidmət edəcək. Ən əsası isə, Qarabağ Universiteti regionu elm, təhsil və innovasiya mərkəzinə çevirəcək.
Prezident İlham Əliyevin 14 sentyabr səfərləri Qarabağda bərpa və quruculuq işlərinin miqyasını göstərməklə yanaşı, bu torpaqlarda həyatın nə qədər sürətlə bərpa olunduğunu təsdiqlədi. Bir tərəfdən evlərin, yolların, məktəblərin, sosial infrastrukturun inşası, digər tərəfdən isə dini-mədəni abidələrin bərpası, yeni universitetin açılışı Qarabağı yalnız azad edilmiş torpaq deyil, həm də inkişaf və rifah məkanı kimi təqdim edir. Bu proses Azərbaycanın dövlətçilik ənənələrinin, güclü iqtisadi potensialının və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Hər birimiz Böyük Qayıdışa şahidlik edirik. Qarşıda bizi işğaldan azad edilən ərazilərlə bağlı daha da pozitiv xəbərlər gözləyir. Ölkə rəhbərinin çıxışlarında qeyd etdiyi kimi, biz işğaldan azad edilən torpaqları cənnətə çevirəcəyik.