Azərbaycan Maarifçi Xeyrxah Xanımlar İctimai Birliyi “Bakıxanov qəsəbəsində həssas qrupların hüquqi, tibbi, sosial problemlərinin həlli təşəbbüsləri” adlı layihəni həyata keçirir.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Üç ay davam edəcək layihə Bakıxanov qəsəbəsində yaşayan həssas əhali qruplarına – yaşlılara, tənha, xəstə və əlilliyi olan şəxslərə sosial və hüquqi sahədə dəstək verməyi, həkim müayinələrinin və müalicəsinin təşkilini, həmçinin onların sosial-mənəvi inkişafına yardım göstərməyi hədəfləyir.
Layihənin əsas istiqamətlərindən biri pulsuz hüquqi yardımların göstərilməsidir. Bu məqsədlə hüquqşünas Leyli Quliyeva tədbirlərdə iştirak edərək müraciət edən şəxslərə hüquqi məsləhətlər verib. Üç tədbir zamanı ümumilikdə 28 nəfər müxtəlif hüquqi problemlərlə bağlı şikayət edib.
Müraciətlər arasında əlillik dərəcəsinin bərpası, əməkhaqlarının gecikməsi, boşanma proseduru, xəstəxanalardan tibbi sənədlərin əldə olunması, təqaüdlərin düzgün hesablanmaması və kommunal xidmətlərlə bağlı şikayətlər üstünlük təşkil edib. Məsələn, 7 övladından 5-i xəstə olan Rəhimova Şəmsiyə övladının əlillik dərəcəsinin bərpası ilə bağlı hüquqi məsləhət alıb. Digər bir müraciətçi isə əmək kitabçasını təqdim etmədiyi üçün az miqdarda sosial müavinət aldığını öyrənib və ona düzgün prosedur izah olunub.
Qeyd edək ki, belə təşəbbüslər hüquqi savadsızlıqdan və maddi imkansızlıqdan əziyyət çəkən insanlara dəstək göstərmək, onların dövlət orqanları və digər qurumlarla münasibətlərində hüquqlarını qorumağa kömək etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Layihənin cəmiyyətə verdiyi əsas mesaj isə budur:
“Gəlin bu insanları mənəvi dayaqdan məhrum etməyək.”