AZ

Bakı 107 il öncə belə azad edildi: İki böyük hücum qələbə ilə bitdi

BAKI, 15 sentyabr. TELEQRAF

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında idi. Ona görə də, AXC-nin milli hökuməti Gəncəyə yerləşməyə məcbur olmuşdu.

Teleqraf xəbər verir ki, bu mənada Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ən başlıca vəzifələrindən biri Bakını bolşevik-erməni daşnaklarının işğaldan azad etmək idi. Amma yenicə formalaşan milli hökumətin cəmi 600 nəfərlik hərbi qüvvə Bakını işğaldan azad etməsi mümkün deyildi. Qüvvələr nisbəti qeyri-bərabər olduğuna görə, az sayda qüvvə ilə şəhərin xilası müşkülə çevrilmişdi. O vaxt Bakı Sovetinin ixtiyarında 18 minlik qoşun cəmlənmişdi.

Sözsüz ki, AXC-nin o dövr üçün yeganə dəstək ala biləcəyi ünvan Osmanlı dövləti idi. Azərbaycan Xalq Cümhuriyyəti qurulması ərəfəsində Osmanlıdan belə bir köməklik istənilmişdi. Məhz buna cavab olaraq o vaxt Türkiyənin hərbi naziri Ənvər Paşa vəziyyəti nəzərə alaraq qardaşı Nuru Paşaya Təbriz istiqamətindən Gəncəyə doğru hərəkət etmək barədə göstəriş vermişdi. AXC elan edildikdən sonra 1918-ci il iyunun 4-də müstəqil Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında «Qarşılıqlı yardım və dostluq haqqında” imzalanan müqaviləyə əsasən, Osmanlı hökuməti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürdü.

Bolşevik-daşnaklar isə AXC-nin varlığından narahat olur, onun məhvinə çalışırdılar. Bu məqsədlə Bakı Sovetinin bolşevik-daşnak ordusu 1918-ci il iyunun 10-da Gəncə istiqamətində hücuma keçmişdi. Buna cavab olaraq iyunun 23-də Azərbaycan hökuməti ölkədə hərbi vəziyyət elan etdi. 27 iyun-1 iyul tarixində Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusu Göyçay ətrafındakı döyüşlərdə müharibənin taleyini həll etdi. Bakı Sovetinin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı və Qafqaz İslam ordusu Bakı istiqamətində əks hücuma başladı. Daşnak-bolşevik qoşunu darmadağın edilərək geri çəkilmək məcburiyyətində qaldı. Bir-birinin ardınca Göyçay, Kürdəmir, Ağsu, Şamaxı daşnak-bolşevik işğalından azad edildi. Sözsüz ki, növbəti hədəf Bakının düşmən azad edilməsi idi. Bakının azad edilməsi üçün ilk cəhd 1918-ci il avqustun 5-də göstərildi. Lakin Qurd qapısı istiqamətindən Qafqaz İslam ordusu Əlahiddə Azərbaycan korpusu ilə birgə ilk hücumu uğursuz oldu. Qafqaz İslam Ordusunun sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumu qələbə ilə başa çatdı. Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə yekunlaşdı.

Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və Bakı və ətraf kəndlərin sakinləri iştirak ediblər. Qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü.

Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.

Osmanlı ordusu təkcə Bakının azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlar zamanı 1130 şəhid verib.

1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyulsa da, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının başa çatmasına imkan vermədi.

Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Qafqaz İslam Ordusunun şərəfinə 1999-cu ildə Şəhidlər Xiyabanında abidə ucaldıldı.

Sözsüz ki, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığı tarixində şanlı səhifələrdən biridir.

Seçilən
3
teleqraf.com

1Mənbələr