Aksiya Gürcüstanda son aylarda ən böyük etirazlardan biri olub...
Poliqon xəbər verir ki, şənbə günü Gürcüstan paytaxtı Tbilisidə müxalifət qüvvələrinin təşkil etdiyi genişmiqyaslı yürüş baş tutub. Etiraz aksiyası son ayların ən çoxsaylı nümayişlərindən biri kimi qiymətləndirilir. Yürüşün təşkilatçıları arasında 4 oktyabrda keçiriləcək bələdiyyə seçkilərini boykot edən partiyalar, siyasi məhbusların ailələri və bir sıra ictimai təşkilatlar yer alıb.
Aksiya iştirakçıları ölkədə demokratik proseslərin geriləməsində və Avropa İttifaqı ilə münasibətlərin pisləşməsində hakim “Gürcü Arzusu” partiyasını ittiham ediblər. Onların sözlərinə görə, hazırkı iqtidarın siyasəti nəticəsində Gürcüstanın Aİ ilə əldə etdiyi mühüm nailiyyətlər, o cümlədən vizasız rejim təhlükə altına düşüb.
Xatırladaq ki, Gürcüstan 28 mart 2017-ci ildə Avropa İttifaqı ilə vizasız rejim əldə edib. Lakin 2025-ci ilin iyun ayında Avropa Komissiyası “demokratiyada ciddi geriləmə” səbəbindən bu rejimin dayandırılması məsələsini müzakirəyə çıxarıb. Bu qərar Tbilisidə və digər şəhərlərdə narazılıqları daha da gücləndirib.
Ekspertlərin qənaətinə görə, vizasız rejimin ləğvi Gürcüstan vətəndaşlarının Avropaya inteqrasiyası istiqamətində mühüm zərbə olar. Müxalifət isə hesab edir ki, yalnız siyasi dəyişikliklər bu riski aradan qaldıra bilər.
Poliqon.info