AZ

Azərbaycanın 10 milyonuncu sakini bu il məktəbə qədəm qoyur - atası DANIŞDI

2019-cu ildə Azərbaycanın 10 milyonuncu sakini kimi dünyaya gələn Mehriban Həsənova bu il məktəbə başlayır. Onun məktəb həyatına qədəm qoyması təkcə ailəsi üçün deyil, ölkə üçün də simvolik hadisə hesab olunur.

Qeyd edək ki, 2019-cu il aprelin 6-da Azərbaycanın əhalisi rəsmi olaraq 10 milyon nəfərə çatıb. Həmin gün dünyaya gələn körpəyə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı verilib. Prezident İlham Əliyev və Birinci xanım ailəni şəxsən təbrik edib, onlara mənzil hədiyyə olunub, körpənin adına isə əlavə maliyyə vəsaiti köçürülüb.

Hazırda məktəbə qədəm qoyan Mehriban ailəsi ilə birlikdə Yasamalda yaşayır. Onun bir bacısı var. Anası informatika müəllimidir və valideynlər qızlarının da ananın işlədiyi 7 nömrəli tam orta məktəbdə təhsil almasını planlaşdırırlar.

Atası Rauf Həsənov AzEdu.az-a açıqlamasında bildirib ki, qızlarının təhsilinə xüsusi diqqət yetirmək niyyətindədirlər:

“Mehriban indi uşaqdır, həkim olmaq istəyir. Biz gələcəkdə də valideyn olaraq seçimində ona hər zaman dəstək olacağıq”.

10 milyonuncu kiçik sakinə 2019-cu ildə "BUTA" körpələr evi - uşaq bağçasının ödənişsiz təhsil alma kartı təqdim edilmişdi. Atasından bu barədə soruşduq. O isə qızının bu bağçada sadəcə bir müddət qaldığını, müəyyən səbəblərdən məktəbəqədər təhsilini başqa müəssisədə tamamladığını bildirdi.

Biz Mehriban və onun ailəsinə məktəb həyatında uğurlar arzu edirik. İnanırıq ki, bu, Mehribanın təhsili ilə bağlı aldığımız son müsahibə olmayacaq...

Seçilən
24
16
azedu.az

10Mənbələr