BAKI, TurkicWorld
20-ci əsrin ilk rübündə dünya tarixində baş verən ən mühüm hadisələrdən biri Birinci Dünya Müharibəsi, Çar Rusiyasının dağılaraq yerində SSRİ-nin qurulması, Osmanlı imperiyasının varisi olan Türkiyə Respublikasının Ulu Öndər Mustafa Kamal Atatürkün başkomandanlığında, yeddi dövlətlə mübarizə apararaq, xalq olaraq verdiyi istiqlal savaşı nəticəsində dünya dövlətləri arasında özünəməxsus mövqeyini qazanması olmuşdur.
1918-ci ildə Qırmızı Kommunist Rusiyası, imperialist İngiltərə dövləti və onlara alət olan erməni dəstələri qədim Türk yurdu olan Can Azərbaycanın bölüşdürülməsi məqsədilə işğala başlamış, Qafqazda, Cənubi Azərbaycanda və Anadolunun şərqində türklərə və müsəlmanlara qarşı dünyanın gözü qarşısında insanlığa qarşı cinayətlər törədirdilər.
Can Azərbaycandakı qardaşlarımızın kömək çağırışına, bir çox cəbhədə düşmənlə savaşmasına, gücünün azlığına və bütün imkansızlıqlara baxmayaraq Osmanlıya biganə qalmamışdı. Şəhid İsmayıl Ənvər Paşanın təşəbbüsü ilə “Qafqaz İslam Ordusu” yaradılmış və onun qardaşı Nuri Paşanın komandanlığı altında Bakıya göndərilmişdi.
Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Milli Məclisi və Müsavat Partiyası qüvvələri ilə birgə soyqırımçı və işğalçı rus, erməni daşnak dəstələrini məğlub edərək 1918-ci il sentyabrın 15-də Bakıya daxil oldu.
Qafqaz İslam Ordusu Bakıya xalqın böyük sevinc nümayişləri ilə qarşılandı. Onlar 1914-cü ildə Azərbaycan Milli Marşının müəllifi, azadlıq mübarizəsinin qəhrəmanı, Türk dünyasının böyük övladı, 1937-ci ildə Stalinin əmri ilə edam edilən şair Əhməd Cavadın yazdığı və dahi bəstəkar, elm və sənət adamı Üzeyir Hacıbəylinin musiqiyə çevirdiyi “Çırpınırdın Qara dəniz” marşı ilə qarşılandılar.
Anadolunun müxtəlif yerlərindən, hətta Şərqi Avropadan, Kərkükdən və dünyanın başqa bölgələrindən könüllü gələn 1130-a yaxın əsgər və zabit, 870 Azərbaycan milisi – ümumilikdə 2000 türk övladı bu mübarizədə şəhidlik zirvəsinə ucaldı.
Bu şanlı zəfər təkcə Can Azərbaycanın paytaxtı Bakının qurtuluş günü kimi deyil, həm də Türk dünyasının hər şəraitdə qardaşlıq həmrəyliyinin nümunəsi olaraq tarixdə öz yerini aldı.
Şəhidlərimizin qanı ilə sulanan bu torpaqlar iki ilə yaxın müstəqillikdən sonra, təəssüf ki, 26 aprel 1920-ci ildə yenidən Sovet Rusiyasının işğalına məruz qaldı. Lakin həmin dövrlərdə tökülən şəhid qanı və verilən azadlıq mübarizəsi bu gün müstəqil dövlət olaraq dünya dövlətləri arasında seçilən və şərəfli mövqeyə malik Azərbaycan Respublikasının yaranmasında mühüm addım oldu.
Bu tarixi birliyi və zəfəri yaddaşımıza həkk edərək unutmadan, ən çətin şəraitlərdə belə atalarımızın mübarək qanı ilə yazdığı şanlı dastandan güc və ilham alaraq, bütün hədəf və məqsədlərimizi “Bir millət, iki dövlət” şüuru ilə gerçəkləşdirəcəyik.
Qafqaz İslam Ordusunun qurucusu şəhid İsmayıl Ənvər Paşanı, komandanı şəhid Nuri Killigil Paşanı, Can Azərbaycanın azadlığı uğrunda canını fəda etmiş qəhrəmanlarımızı bütün şəhidlərimizlə birlikdə ehtiram, rəhmət, minnət və şükranla yad edir, Uca Allahdan Peyğəmbərimizin Livayül-Həmd bayrağı altında onlarla qovuşmağı bizlərə də nəsib etməsini diləyirəm.
Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının və Bakının qurtuluşunun ildönümü – 15 sentyabr 1918-ci il mübarək olsun, zəfərlərimiz daim olsun.
Yalçın Topçu
Türkiyə Prezidentinin baş müşaviri